Tüstü burumları göyə qalxar, ocaq alışdıqca təndir qızarar və divarlara dən düşərdi. Üzünə yumurta yaxılmış xəmir kündələr divara yapılandan sonra təndirin ortasında korun-korun yanan ocağın təsirindən get-gedə allanardı. Buğda unundan bişən çörəyi təndirdən çıxaranda onun xoş və məftunedici ətri xeyli aralıdan hiss edilərdi…

 Bostanda çəpərlərə dırmaşan xiyar, pomidor tağları iki göz istəyirdi ki, tamaşasına dursun. Eyni tağda yetişən məhsulların görkəmi də bir-birindən fərqli idi: biri uzun, biri gödək, biri yumru, biri yastı, biri əyri, biri sivri… Əlbəttə ki, kənddə doğulanlar və yaşayanlar üçün tanış mənzərələrdir. Amma elə bil ki, digər dəyərlər kimi onlar da qəhətə çəkilib…

 İndi hanı ətri gendən vuran buğda çörəyi? Hanı bağ-bostanın yaraşığı olan xiyar, pomidor sortları? Hanı görkəmi süfrələr bəzəyən, dadı-tamı damaqlardan getməyən meyvələr?

 Səbəb nədir? Torpağınmı üzü dönüb, bağ-bostanın bərəkətimi qaçaq düşüb, ağzımızın dadımı çəkilib? Gerçəklik belədir: indi 30-40 il əvvəlki toxumlar qalmayıb. Kəndli həmin toxumları az qala qızıl qiymətinə əldə edir. Hətta indi həmin toxumlar çəki ilə deyil, sayla, ədədlə satılır.

 Torpağımızın adla deyilən nemətləri sayılan Qızıləhməd alması, Ordubad əriyi, Göyçay narı, Quba alması, Zaqatala fındığı, Qəbələ şabalıdı, Lənkəran çayı, Astara limonu, Abşeron şanısı, Sabirabad qarpızı, Kürdəmir yemişi, Zirə pomidoru, Hovsan soğanı tapmaq heç də rahat və asan məsələ deyil… Çox vaxt dükan-bazarlardan zahiri görünüşünə aldanıb alınan meyvə-tərəvəzlər heç də əvvəlki illərdəki ləzzətini vermir.

 Əvvəllər bazarlarda yalnız hər mövsümə uyğun meyvə-tərəvəzlər tapmaq olardı. İndi ilin istənilən fəslində həmin nemətlər satışa çıxarılır. Təəssüflər olsun ki, geni modifikasiya olunmuş məhsullar bazarlarda ayaq tutub yeriyir. Piştaxtaların üstü boyu bir, buxunu bir, əkiz kimi bir-birinə oxşayan meyvə-tərəvəzlərlə dolu olsa da, alıcı təlabatını ödəyə bilmir. Açıqca hiss olunur ki, məhsulların çeşidi azalıb. İnkişaf və tərəqqinin sürətli olmadığı zamanlarda bazarlara hər meyvə-tərəvəzin bir neçə növü çıxarılardı. Ona görə də bu gün bazara üz tutan alıcının öz istehlak səbətinə uyğun olaraq alıb zənbilinə doldurduğu məhsullar ona istədiyi ağız dadını vermir.

 Fermerlər, icarədarlar, kənd zəhmətkeşləri keyfiyyətə yox, kəmiyyətə, məhsuldarlığa üstünlük verirlər. Yerli xiyar, pomidor sortunun nazı ilə oynayınca onlar üçün geni dəyişdirilmiş məhsuldar xiyar, pomidor sortu yetişdirmək və onun məhsulunu bazara çıxarmaq daha əlverişlidir. Heç kəsə sirr deyil ki, həmin sortdan olan xiyar və pomidor kifayət qədər yüksək məhsul verir. Meyvə-tərəvəzlərdəki gen dəyişikliyi o yerə gəlib çatıb ki, qəbul edilən qida və ərzaqların tərkibində lazımi vitaminlər ya heç olmur, ya da çox az olur. Göyərtilərin vitamin tərkibi 50-70 faiz arasında öz keyfiyyətini itirib. “Peyğəmbər buğdası” adlandırılan qarğıdalının yerini indi tez bişən və məhsuldar Amerika qarğıdalısı tutub. Yeni növ qarğıdalı məhsuldardır, görkəmi ilə göz oxşayır, üstündə dənləri çoxdur, amma tərkibində sellüloza və digər maddələrdə olduqca azdır.

 Geni modifikasiya olunmuş və ya transogen toxum nədir? Genom stabil struktur hesab edilir və ona müdaxilə etmək arzuolunmazdır. Əslində gen modifikasiyası ilə təxminən 40 il əvvəl məşğul olmağa başlayıblar. Hələ keçən əsrin 80-ci illərində həmin tədqiqatlara 40 milyarda qədər vəsait ayrılmışdı. Son on ildə artıq həmin tədqiqatlar nəticəsində geni modifikasiya olunmuş qida məhsulları yetişdirilir. Statistikaya görə, dünyada istehsal olunan və satışa çıxarılan meyvə-tərəvəzin 30 faizə qədəri həmin üsulla becərilir. ABŞ-da belə məhsullar xüsusilə geniş yayılıb və satışa çıxarılan məhsulların 70 faizini təşkil edir.

 Sadə və anlaqlı desək, hər hansı orqanizmə ona yad olan orqanizmin genləri köçürülür. Məsələn, pomidor geninə əqrəb geni əlavə edilir. Məhsul böyüyüb inkişaf edəndə zahirən pomidordan seçilmir, inkişaf dövründə heç bir zərərverici və həşərat ona yaxın düşmür. Məhsuldarlıq isə çox yüksək olur, bir pomidor kolu 30-40 kiloqram bar verir. Lakin onu kəsəndə nə ətir, nə də dad etibarı ilə pomidordan əsər-əlamət qalmadığı üzə çıxır. Hazırda müxtəlif kənd təsərrüfatı məhsullarının geni dəyişdirilmiş 120-dən artıq növü yaradılıb. Onlardan 64 növü təsərrüfatlarda tətbiq edilir.

 Bundan başqa lanset və ya soysuz toxumlar da var. Laboratoriyada kodlaşdırılan həmin toxumlar cəmi bir il məhsul verir. Onu əkib-becərir, yüksək məhsul götürür, növbəti il isə ondan heç nə əldə etmək olmur. Gen mühəndisliyi son illər bir az da “qabağa gedərək” beş il məhsul verən toxumlar yetişdirməyə başlayıb. Həmin müddətdən sonra əkilən toxum qətiyyən məhsul vermir. Lanset toxumlar təbiətə və torpağa da çox böyük ziyan vurur. Torpaqda olan bütün üzvi və mineral maddələri sorur, başqa bitkilərin inkişafına imkan vermir. Nəticədə həmin bitkilər əkilən ərazidə “ölü torpaqlar” əmələ gəlir.

 Alimlər həmin məhsullarla qidalanmanın birinci nəsildə, bəzən də sonrakı nəsillərdə sağlamlıq üçün fəsadlı nəticələr verəcəyini düşünürlər. Transogen toxumdan əmələ gələn pomidorun tərkibində likopen maddəsi 80 faiz azalıb. Likopen pomidora və qarpıza qırmızı rəng verən təbii maddədir və onun çatışmazlığı kişilərdə sonsuzluğa, qadınlarda isə yumurtalığın polikistozuna səbəb olur. Həmin üsulla yetişdirilən bir neçə pomidor yeyilməsi də bəzən bir pomidorun verdiyi qədər vitamin vermir. Vitaminsizlik, mineral maddələrin azlığı orqanizmdə polifenol çatışmazlığına səbəb olur. Ona görə də bir sıra Avropa ölkələrində həmin məhsulların gətirilməsi və satışına ciddi qadağalar qoyulub.

 Torpağımızın bar-bərəkəti çəkilib, buğda çörəyinin ətri yoxa çıxıb və biz də süfrələrimizin yaraşığı olan meyvə-tərəvəzlərin ləzzətli dadından yavaş-yavaş uzaqlaşırıq. Nə qədər ki, yüz illərdir əkilib-becərilən yerli toxumların genetik kökünü qorumuruq, onun çoxaldılması və yayılmasının qayğısına almırıq, bundan da ağır aqibətlə üzləşmək təhlükəsi var. Hətta gələcək nəsilləri daha fəlakətli nəticələrlə üz-üzə qoya bilərik…

(289 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.