Bugün dünyada hər gün yüzlərcə uşaq haqsızlığın qurbanı olur, amma biz öz əllərimizlə öz uşaqlarımızı həyat təhlükəsi ilə üz-üzə qoyuruq, öz əllərimizlə uşağın immun sistemini məhv edib həyatın ağuşuna atırıq.

Əvvəllər valideynlərimiz ərik, alça, əncir qurusu kimi faydalı çərəzləri uşaqların ciblərinə töküb məktəbə göndərərdilər, indi isə uşaqların nə yeyib, nə yemədiyini hamı bilir.

Çipslərin və başqa sintetik çərəzlərin hazırlanmasında trans yağlardan istifadə olunur. Trans yağlar nə deməkdir? Trans yağlar, əsasən neft məhsullarından alınır, şirniyyatlar, tortlar, çipslər bu yağla bişdikdə daha cazibədar görünür, qiyməti də ucuz başa gəlir.

Nəzərinizə çatdırım ki, Avropada artıq bu yağların istifadəsi qadağan olunmuşdur. Bu yağlar insan orqanizmində tam parçalanmır, damarların mənfəzini tutub qanın normal hərəkətinin qarşısını alır, bu yağlardan daimi istifadə edənlərdə başağrısı, halsızlıq, ürəkbulanma baş verir və ən əsası uşaqların yaşıdlarından əqli cəhətdən geri qalmasına səbəb olur. Trans yağlar damar divarına hopub üst-üstə toplanır, sonda belə insanlar infarkt, insult, ateroskleroz kimi xəstəliklərə daha tez tutulurlar. Belə yağlar həm də bağırsaq xovlarının arasında ilişib qalır, bağırsağın filtr qabiliyyətini pozur və beləliklə də immun sistemini məhv edir. Üstəlik çipsləri süni surətdə dadlandırmaq üçün qlütamatlardan istifadə olunur. Bu maddələr isə asılılıq törədir, ağız dadını dəyişir və başqa yeməklər belə insanlara dadsız gəlir (yəni uşaq evdə ananın bişirdiyi heç bir yeməyi sevmir).

Bir sözlə özümüz öz uşaqlarımızın həyatını korlayırıq.

(1,745 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.