Böyrəklər orqanizmdə təkcə sidik istehsalı ilə deyil, həmçinin bədənin su və mineral balansını tənzimləmək, damarların tonusuna və arterial təzyiqə nəzarət kimi digər həyati vacib funksiyaları da yerinə yetirir. Bu səbəbdən də sağlam yaşamaq üçün vacib şərtlərdən biri də böyrəkləri qorumaqdır.

Birinci növbədə hərəkəti artırmaq lazımdır, fiziki aktiv insanlarda qan dövranı yaxşılaşdığından böyrəklər yaxşı fəaliyyət göstərir, iltihab əlamətləri tez sorulur.

Gündə 2 litrə yaxın çiy su içmək məsləhətdir. Çiy su orqanizmi içilən çayın, sənaye üsulu ilə hazırlanmış müxtəlif şirələrin, qazlı içkilərin tərkibində olan toksiki maddələrdən təmizləyir. Çiy su böyrəklərin özünü də iltihabi məhsullardan təmizləyir.

Zülallı yeməklər çox yemək də böyrəklərin işini ağırlaşdırır. Xüsusən az hərəkət edən insanlarda maddələr mübadiləsi pozulur, qanda və sidikdə kalsiumun miqdarı artsa da sümüklərdə onun çatışmazlığı başlayır, nəticədə də böyrəklərdə daşlar yaranır. Bu səbəbdən də müayinə olunan böyrək daşlarının 80%-i kalsium-oksalat tərkiblidir.

Böyrəklərdə daşların əmələ gəlməsi onu göstərir ki, artıq mübadilə pozulmuşdur və daş əmələ gəlməsi prosesi davam edəcəkdir. Buna baxmayaraq, sadaladığım şərtlərə əməl etməklə böyrək daşlarından azad olmaq, hətta yenilərinin əmələ gəlməsinin qarşısını almaq olar.

Oturaq həyat tərzi keçirən insanlarda turşlaşmış bədən mühitini qələviləşdirmək lazımdır. Bəzən bədən mühitini həddindən artıq qələviləşdirmək də problem törədə bilir sidik və qan analizli ilə bu nisbətə nəzarət etmək olur.

Hər gün yeməkdən əvvəl salat yeyilməli, tərəvəz salatları hər dəfə təzə düzəldilməli, üzərinə zeytun yağı və sirkə əlavə olunmalıdır. Yeməklər kəpəkli çörəklə yeyilməli, yeməkdən yarım saat əvvəl mövsümi meyvələr yeyilməlidir. Meyvələri yeməkdən 2 saat keçəndən sonra da yemək olar. Yeməkdən sonra, xüsusən də ət yeməyindən 2 saat sonra yeyilən meyvələr bağırsaqlarda çürümə prosesini sürətləndirir və həzmi pozur.

Yeməklər bol-bol göyərti ilə yeyilməlidir: cəfəri, tərxun, göy soğan, sarımsaq, kərəviz, şüyüd, vəzəri gündəlik rasiona əlavə edilməlidir. Yaxşı olar, az duzlu kələm, kök, çuğundur qarışıqlı turşulardan istifadə olunsun.

Qara çay, şokolad, çox ispanaq yemək böyrəklərdə daha çox oksalat duzlarının yığılmasına səbəb olur.

Xalq təbabətində böyrək daşlarını əritmək üçün çox faydalı üsullar vardır. Məsələn, orta ölçülü balqabağın baş tərəfi qapaq kimi kəsilir, tumu çıxarılır, içinə bal və ya şəkər tozu tökülür, baş hissəsi üstünə qoyularaq 2-3 gün qaranlıq, sərin yerdə saxlanılır. Balqabağın içinə toplanan şirə süzülür və hər gün səhər tezdən yeməkdən 1 saat əvvəl 150 qram içilir.

Bundan başqa hər gün yarım stəkan limon şirəsinin üstünə adi su əlavə edib içmək olar. Belə müalicə böyrəklər tamamən daşlardan təmizlənənə qədər aparılır.

Boyaqotu, quş qırxbuğumu, itburnu meyvəsi və ya kökləri, qatırquyruğu, ayıqulağı və boymadərən bitkilərinin hərəsindən 100 qram götürüb qarışdırılır, qarışıqdan 2 xörək qaşığı 3 stəkan suda dəmlənilir, süzülüb termosa tökülür, gündə 3 dəfə yeməkdən 2 saat sonra 1 stəkan içilir. Bu müalicə 15 gün aparılır, 1 həftə fasilədən sonra yenidən təkrar edilir. Bütün bunlardan başqa oksalat mənşəli daşların müalicəsində 1 ay ərzində Oksalitin çayı içilə bilər. Urat mənşəli daşlarda Uralitin və fosfat mənşəli daşların müalicəsində Fosfalitin çayları qəbul olunur.

(3,829 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.