Köp nədir?

İlk köpmə yenidoğulmuşlarda baş verir. Yenidoğulmuşlarda bağırsaq mikroflorası olmadığından onlara hər şey yedirtmək olmaz. Yeməkdən əvvəl şüyüd, razyana, cirə, zirə kimi bağırsaqların hərəkətini artıran bitkilərin dəmləməsini vermək lazımdır. Yaxşı olar ki, bu məqsədlə sintetik dərmanlardan istifadə edib, uşaqları zəhərləməyəsiniz.

Yenidoğulmuşlarda köpün əsas əlaməti qarında sancıların olmasıdır. Sancını azaltmaq üçün 2 xörək qaşığı nanə yarpağı 100 qram zeytun yağına əlavə edilib ağzı kip bağlanılır, adi sobanın və ya qızdırıcının

üstündə 2 həftə saxlanıb süzülür. Alınmış nanə yağı ilə qarın nahiyəsini üstdən aşağı və dairəvi şəkildə saat əqrəbi istiqamətində yavaş-yavaş masaj etmək lazımdır.

Böyüklərdə köpmə

Köpdən əziyyət çəkənlər əvvəlcə həyat tərzini dəyişməli, çox gəzməli, salatları, göyərtiləri, həmçinin meyvələri də əsas xörəkdən yarım saat əvvəl yeməlidir. Əgər nəticə olmasa həkimə müraciət edib köpün səbəbini dəqiqləşdirməlidir.

Bağırsaqlarda köp olmasının bir neçə səbəbi vardır. Məsələn, fermentativ aktivliyin aşağı olması – bu, öd ifrazının azalması və ya mədəaltı vəzin fəaliyyətinin zəifləməsi nəticəsində baş verir. Bu zaman ödqovucu təsir göstərən və tərkibində inulin olan dərman bitkilərindən dəmləyib içmək lazımdır:

Dağtərxunu – 100 qram

Andız kökü – 100 qram

Udi hindi – 100 qram

Qızılçətir otu – 50 qram

Bu bitkiləri bir-birinə qarışdırın, qarışıqdan 2 xörək qaşığı üç stəkan suda termosda dəmləyin və gündə 3 dəfə yeməkdən əvvəl bir stəkan için, acı olsa bal əlavə etmək olar.

Köpmə bəzən mədə mənşəli ola bilir, belə ki, yemək yeyilir, amma normal həzmə getmir, sanki mədədə yığılıb qalır. Bu çox hallarda mədədə turşu ifrazının azalması zamanı baş verir.

Zəncəfil – 100 qram

Kəcəvər – 100 qram

Yovşan – 100 qram

Zəyərək – 100 qram

Bitkilər yuxarıdakı formada dəmlənib içilir.

Köpmə halı daha çox bağırsaq mənşəli də olur, bağırsaqların hərəki fəallığının azalması nəticəsində baş verir. Bu zaman iti addımlarla gəzmək lazımdır. Gündə 5 km yerimək bağırsaqları işləməyə məcbur edir, həmçinin tərkibində efirli birləşmələr olan dərman bitkiləri də bağırsaqların hərəki fəaliyyətini artırır. Cirə, razyana, qaraqınıq, pişikotu və kəcəvər kimi bitkilərin hərəsindən 100 qram bir-birinə qarışdırın, qarışıqdan 2 xörək qaşığı üç stəkan suda dəmləyin, yeməkdən əvvəl bir stəkan için.

Bəzi hallarda ağır yük götürən zaman mədə-bağırsaq müsariqəsi sallanır, bu da bağırsaqların fəaliyyətinin ləngiməsinə və köpə səbəb olur. Xəstə əlini mədəsinin və ya bağırsağının üstünə qoyanda, sanki ürəyi orda vurur. Bu zaman qarın nahiyəsi aşağıdan yuxarıya adi günəbaxan yağı ilə masaj olunur və möhkəm bağlanır. Bunu gündə 1 dəfə olmaqla bir həftə etmək lazımdır.

(8,157 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.