Məkkəgülü bizdə bitməsə də, isti iqlimli ölkələrdə çox bitir və becərilir. Deyərdim ki, həm uşaqlar, həm cavanlar, həm də yaşlılar üçün faydalı bitkidir. C vitamini ilə zəngin tərkibi sayəsində orqanizmi toksinlərdən təmizləyir. Həmçinin damarların içini yağ tullantılarından təmizləyir və bununla da həm təzyiqi tənzimləyir, həm də ürəyin işini normallaşdırır. Bağırsaqlardakı artıq şlakları xaric edir, bununla da artıq çəkini atmağa yardım edir, bundan əlavə böyrək və sidik yollarını da mikroblardan təmizləyir.

Ən əsası xoşagələn bir dadı vardır. Təzyiqi saldığından bəzi adamlar içməkdə problem yaşaya bilərlər. Bunu aradan qaldırmaq üçün 1 çay qaşığı məkkəgülü 1 stəkan suda dəmləndikdən sonra süzülür, bir qədər soyuduqda dəmləməyə 1 dolu çay qaşığı bal qarışdırılaraq içilir. Bal içkinin faydalı təsirlərini bir qədər də artırmış olur. Dəmləmə soyuq halda içiləndə məkkəgülü şərbəti adlandırılır. Məkkəgülü şərbəti güclü antioksidantdır, xərçəng önləyici təsiri var, immuniteti gücləndirir, yüksəlmiş xolesterini aşağı salır.

Məkkəgülü şərbətinin hazırlanması:

300 qram məkkəgülü 1 litr adi suda 5-6 saat saxlanılır, sonra süzülür, məkkəgülünün həm dadı, həm də rəngi suya keçir, sonra üzərinə 4 litr su və zövqə görə limon, darçın və ya zəncəfil əlavə edilir. Şərbətin dadını yaxşılaşdırmaq üçün bal və ya şəkər tozu qarışdırıb içmək olar. Xatırladım ki, çox dadlı və susuzluğu yaxşı yatıran bir içkidir.

Diqqət: Məkkəgülü çayını və ya şərbətini yeməkdən sonra içməyinizi məsləhət görürəm, çünki mədəyə qıcıqlandırıcı təsiri ola bilər. Qastritlər zamanı içilməsi məsləhət deyil. Hamiləlikdə və südvermə zamanı çox az istifadə olunmalıdır.

(2,475 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.