Askarid qurdu – profilaktika və müalicəsi

Askarid qurdu müalicəsi profilaktikası

Ən geniş yayılmış parazitlərdən olan askarid qurdlarına yoluxma zamanı bağırsaqda bir neçə yüz qurd olur. Yumurtalar nəcislə torpağa düşəndə yoluxuculuq qabiliyyətini 15 il saxlayır. Udulmuş yumurtalardan nazik bağırsaqda sürfələr çıxır, sonra bağırsaq divarını dələrək qanla orqanlara yayılır, 8-10 saata kapilyar damarları dəlib nəfəs yollarına keçir, sonra ağıza doğru hərəkət edərək tüpürcəyə qarışıb təkrar udulur və yenidən nazik bağırsağa çatıb, necə deyərlər, əsl həyatını yaşamağa başlayır.

Bağırsaqlarda 2 ay ərzində sürfədən cinsi yetişkən askaridlər əmələ gəlir. Bağırsaqda yaşayan askaridlərin ömrü 1 ildir, təkrar yoluxma olmasa 1 ilə askaridlər orqanizmdən təmizlənir. Böyümüş askaridlər bağırsaqların selikli qişasını zədələyir və bağırsaqdakı həzmə hazır olan qida, vitamin və minerallarla qidalanır, əvəzində öz nəcislərini buraxır. Nəticədə bağırsaqlarda eroziya, xora, qəbizlik və ya ishal, diş qıcama, ürəkbulanma, qusma, dəridə səpgilər, qaşınma, ləkə, saçların tökülməsi, qanazlığı, başgicəllənmə və yorğunluq halları baş verir. Askaridlər bəzən o qədər çoxalır ki, bir-birinə dolaşaraq bağırsaq keçməzliyi əmələ gətirir.

Askaridlərin sürfələri isə qanla qidalanır və onların gündə yarım litr qan yeməsi təhlükəli vəziyyətə səbəb olur. Həkimlərin çoxu bəzən illərlə onun simptomlarını müalicə etsə də, qurdlar yada düşmür.

Askaridoza diaqnoz qoymaq üçün bəzən qan analizi götürülür, lakin daha yaxşısı həm nəcisin, həm də qanın müayinəyə verilməsidir. Müalicədən sonra isə tək nəcisin analizini vermək lazımdır, çünki qurdlara yoluxandan 1 ay sonra qanda antitellər əmələ gəlir və hətta qurdlar məhv olandan sonra da onların uzun müddət qanda tapılması artıq və lazımsız müalicə aparmağa səbəb olur.

Askarid qurdlarına qarşı profilaktika

Parazitlərdən qorunmaq üçün meyvələr təmiz yuyulmalıdır, göyərtilərin 2-3 xörək qaşığı alma sirkəsi qatılmış suda 2-3 saat saxlanandan sonra yuyulması daha yaxşıdır. Uşaqların dırnaqları tutulmalı və onlar yataq paltarında yatmalıdırlar. Uşaqları böyük bayıra çıxdıqdan sonra soyuq su ilə yuyunmağa öyrəşdirmək lazımdır, çünki soyuq su ilə yuyunduqdan sonra qurdlar yumurtalarını anal dəliyin ətrafında yox, düz bağırsaqda qoymağa məcbur olur və sonda təbii yolla qurdlardan xilas olma baş verir. Əgər ailədə 1 nəfərdə belə qurd varsa,  evdə hamı müalicə olunmalıdır.

Askarid qurdlarından müalicə

Səhər tezdən uşaqlar 50, böyüklər 100 qram balqabaq tumu yeyir, yarım saatdan sonra uşaqlar üçün 1 çay qaşığı, böyüklər üçün 1 xörək qaşığı səna yarpaqları 1 stəkan suda dəmlənib qəbul edilməlidir. Prosedur 3 gün aparılır, 10 gün fasilədən sonra daha 3 gün təkrar edilir. Müalicə zamanı adamda ürəkbulanma əmələ gəlir elə qurdlarda da ürəkbulanma baş verir və bağırsaq xovlarını buraxıb sərbəst qalırlar, işlədici içkidən sonra isə qurdların tökülməsi baş verir.

100 qram balqabaq tumu üzərinə bərabər miqdarda süd və alma sirkəsi qarışığı tökülür, məcun alınana qədər qarışdırılır. Onu 3 gün səhərlər acqarına yemək, yarım saat sonra səna çayı içmək lazımdır.

Dağtərxunu, boymadərən, qızılçətir, acı yovşan və gülümbahar bitkilərinin dəmləməsi askarid qurdlarından xilas olmağa çox yaxşı kömək edir. Saydığım bitkilər hərəsindən 100 qram bir-birinə qarışdırılır, qarışıqdan 1 çay qaşığı 1 stəkan suda 3-5 dəqiqə qaynadılır və gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir. Müalicə müddəti 10 gündür, 15 gün fasilədən sonra yenə təkrar oluna bilər. Əlavə olaraq yüngül işlədici və qurdqovucu təsirli bitkilərin qarışığından hazırlanmış Teazol çayının qəbul olunması daha məqsədəuyğundur. Böyüklər gündə 3, uşaqlar 2 dəfə 1 filtr-bağlama Teazol çayını 1 stəkan qaynar suda dəmləyib qəbul etməlidirlər. Müalicə 10 gün aparılır. 2 həftə sonra nəcisdən analiz verib nəticəni yoxlamaq lazımdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.