Balqabaq bal qarışımı – faydaları

balqabaq bal

Bu gün sarı-sarı gözəl balqabaqlar gördüm, balqabaqla bağlı bu resept yadıma düşdü. Bu reseptdən istifadə edənlər balqabağın necə bir nemət olduğunu görəcəklər. Bizə lazım olanlar isə sadəcə orta ölçülü balqabaq və bal olacaq. Deməli, balqabaq baş tərəfdən elə kəsilir ki, əl içinə girə bilsin. Kəsildikdən sonra içindəki tumları təmizlənilir və tam dolanadək içinə bal doldurulur (bal tapa bilməsəniz şəkər tozuda olar). Əvvəlcə baş hissəni kəsdiyiniz qapağı üstünə qoyub sərin qaranlıq bir yerə qoyun. 2 gündən sonra istifadə etmək olar və bu 2 gündən sonra balqabağın içərisi şərbət kimi olacaq. Balqabağın divar qalınlığından asılı olaraq bu proses 3-4 gündə çəkə bilər. Şərbəti şüşə bir qaba töküb ağzını bağlayın. Soyuducuda saxlayın. Bu şərbətdən səhər ac qarına 100 qram için, əgər qan azlığınız varsa axşam yatmazdan əvvəl də 100 qram içə bilərsiniz. Faydaları; balqabağın tərkibindəki bütün aktiv maddələr bu şərbətin içində vardır. Belə ki, balqabaqdakı beta karotin (bu bədəndə A vitamininə çevrilir) dərimizi hamar və gözəl edir, gözləri işıqlandırır, tük tökülməsinə faydalıdır, həmçinin şiş əleyhinə antioksidantdır, balqabaqdakı dəmir, sink isə qan azlığı, halsızlıq, yorğunluq, başgicəllənmələri zamanı faydalıdır.

Ümumiyyətlə, balqabaq Peyğəmbərlər yeməyi sayılır, olduqca faydalı bir tərəvəz olmaqla yanaşı qaraciyər üçün də çox faydalıdır. Belə ki, qaraciyər xəstəlikləri zamanı əmələ gələn çatışmazlıqları aradan qaldırır (hepatitlər, sirroz, qaraciyər piylənməsi və s.), ürək fəaliyyəti üçün olduqca faydalıdır. Çünki damarların iç divarını təmizləyir, pis xolesterin səviyyəsini aşağı salır, bağırsaq qurdlarına qarşı, dalaq və qaraciyər böyüməsi zamanı faydalıdır. Böyrəklərin də fəaliyyətini artırır, böyrək çatışmazlığında və böyrək qumlarında faydalı olmaqla yanaşı böyrək iltihablarına da faydalıdır, prostat vəzin böyüməsində mükəmməldir. İmmuniteti olduqca yüksəldir, cinsi istəyi artırır, sonsuzluğun müalicəsində faydalıdır. Bu şərbətə pambıq batırıb yatmazdan əvvəl üzünüzü silin və 30 dəqiqə gözləyin üzdəki çillərə, səpgilərə qarşı faydalı olmaqla yanaşı üz dərisini qurumaqdan qoruyur və elastikləşdirir, allergenlərə qarşı dirənişi artırır. Sizi yormaq istəmirəm deye inanın faydaların hələ heç yarsını yazmamışam. Bu şərbətdən təzyiqi olanlar və şəkər xəstələri çox az dozada istifadə edə bilərlər.(xatırladım ki, şəkər xəstələri gündə 1 stəkan balqabaq şirəsi içə bilərlər bunun onlara heç bir ziyanı yoxdur əksinə çoxlu faydası vardır) Şərbətin dadlı olması üçün içinə 5-7 ədəd limon sıxıb, suyunu qarışdıra bilərsiniz.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.