Boymadərən bitkisinin faydaları

Boymadərən

Bu gün dünya alimlərinin daha dərindən və geniş bir şəkildə araşdırdığı bitkilərdən biri də boymadərəndir. Onun təsir sferası o qədər genişdir ki, aparılan araşdırmalar yeni-yeni təsiredici maddələrin aşkar olunması və boymadərənin tətbiq sahəsinin genişlənməsi ilə nəticələnir.

Avropada, Amerikada və eyni zamanda Azərbaycanda geniş yayılmışdır.

Əsasən bağ, bostan sahələrinin ətraflarında daha çox bitir. Azərbaycanda ağ və sarı boymadərən növlərinə daha çox rast gəlinsə də, tibdə ağ boymadərən tətbiq olunur.

Boymadərən otunun tərkibində efirli birləşmələr, xüsusən də azulen, sineol, limonen, borneol, xamazulen daha çoxdur. Bunların sayəsində bitki bakterisid və iltihab əleyhinə təsir göstərir.

Qadın xəstəliklərində

Boymadərən qadınlarda aybaşı pozulmalarının qarşısını alır, pozulmuş sikli bərpa etmək üçün ən təsirli vasitə kimi istifadə olunur. Uşaqlıq yolundan iltihabi axıntıların və uşaqlıq boynu eroziyalarının müalicəsində istifadə olunur. Bu məqsədlə boymadərən dəmləməsi və ya 10%-li sulu dəmləməsi həm daxilə qəbul olunur, həm də uşaqlıq yolu şırınqa şəklində yuyulur. Menopauza dövründəki sıxıntıları aradan götürmək üçün dəmləməsi istifadə olunur. Qadın cinsiyyət sistemi ilə bağlı bütün iltihabi xəstəliklərdə dəmləməsi tətbiq edilir.

Boymadərən bitkisi

Dəri xəstəliklərində

Boymadərənin tərkibindəki acı maddələr dəridə parazitlik edən mikroorqanizmlərə qarşı öldürücü təsir göstərir. 50 qram boymadərən 500 ml litr suda dəmlənir və ilıq şəkildə tənziflə bütün bədənə sürtülür. Yaxud 200 qram bitki 3 litr suda dəmlənir, hamam vannasına doldurulmuş isti suya əlavə edilir və 20 dəqiqə vanna qəbul edilir. Belə prosedur dəridə olan parazitləri məhv edir, pis qoxuları aradan qaldırır və dərini təravətləndirir.

Qida borusu iltihabında, qastrit, kolit, qeyri-spesifik bağırsaq xorası kimi xəstəliklərdə boymadərən çayının qəbulu iltihab əleyhinə vasitə kimi əla nəticələr verir. Xəstələri uzun sürən hormonal müalicədən uzaq tutmaq üçün çox effektiv, həm də yan təsirləri olmayan bir vasitədir. Qeyri-spesifik bağırsaq xoralarında bir hissə boymadərən, bir hissə gülümbahar, bir hissə quşəppəyi bitkilərinin qarışığından hazırlanmış çay daha yaxşı nəticə verir. Tərkibi efirlərlə zəngin olduğundan çox təsirli yelqovucu və köp əleyhinə vasitə hesab olunur. Biz Herba Flora firması olaraq boymadərənin efirli birləşmələrini ayırıb boymadərən ərağı hazırladıq, bu içki mənşəyindən asılı olmayaraq bütün köpmələr zamanı əvəzolunmazdır. Onu da qeyd etmək istəyirəm ki, son illərdə Avropada da bu içki geniş istifadə olunmağa başlayıb. Yeməkdən əvvəl içildikdə iştahaartırıcı təsir göstərir.

Qurd xəstəliklərində

Boymadərənin 10%-li dəmləməsi qurdqovucu kimi içilir. Bu məqsədlə bir həftə müddətində gündə üç dəfə yeməkdən əvvəl bir stəkan dəmləmə içilir.

Bronxitdə

200 qram boymadərən otu üyüdülərək toz halına salınır, üzərinə yarım kiloqram bal əlavə olunub məcun hazırlanır. Bu məcundan gündə 3 dəfə, 1 çay qaşığı yeməkdən əvvəl yeyilir.

Səpgilərdə, sızanaqlarda, demodeksdə

1 xörək qaşığı boymadərən 1 stəkan suda dəmlənilir, soyudulur, səpgi yerləri gündə 4-5 dəfə dəmləmədə isladılmış pambıqla silinir. Demodeks gənələrinə öldürücü təsir göstərir. Bu nisbətdə hazırlanmış dəmləmə yaraların müalicəsində də effektlidir.

Boymadərən otunun dəmləməsi böyük qan dövranı pozulmalarında da faydalıdır, əl və ayaqlarda olan soyuqluğu və üşüməni aradan qaldırır. Ürəkbulanma, burun qanamaları, konyuktivitdə istifadə olunur.

Bütün iltihabi xəstəliklərdə sulu dəmləməsi daxilə qəbul olunur.

Çaşır kökü Azərbaycanda, əsasən Naxçıvanda, Qubada, Qusarda geniş yayılmışdır. Özü acı olsa da, dadlı və iştahaaçıcı turşusu olur. Müalicə məqsədi ilə çaşırın köklərindən istifadə olunur. Köklərinin suda dəmləməsi qurdqovucu, iştahaaçıcı təsir edir, immun sistemini gücləndirir, xroniki öskürəyi aradan qaldırır, tərkibi antioksidantlarla zəngin olduğundan xərçəng xəstəliyinin müalicə və profilaktikasında istifadə olunur.

200 qram qurudulmuş çaşır kökləri 1 kq balla qarışdırılır, gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeyilir. Bu məcun eyni zamanda sonsuzluğun müalicəsində hərəkətli cinsi hüceyrələrin miqdarını artırmaq məqsədi ilə istifadə edilə bilər.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.