Misvak sağlamlıq mənbəyidir

misvak

Misvak hələ qədim zamanlardan kortəbii şəkildə olsa da ağız sağlamlığı üçün istifadə olunmuşdur. İslam peyğəmbəri Məhəmməd (səlləlləhu aleyhi vəsalləm) misvakı çox təqdir etmiş və insanların davamlı şəkildə istifadə etməsi üçün hədislər söyləmişdir. Məsələn, misvakla bağlı demişdir: “Əgər ümmətimə çətin olmasaydı, hər abdəst alanda misvakla dişlərini təmizləməyi əmr edər-dim”, “Sonra həzrəti Cəbrayıl mənə misvakdan o qədər danışdı ki, qorxdum ümmətimə fərz oluna”, “Misvaklanmaq ağızı təmiz edər, Rəbbimizi razı edər”.

Peyğəmbərimiz hər namazdan əvvəl, hər yeməkdən əvvəl və sonra, gecələr duran zaman misvakdan istifadə edirmiş və həyatının son anında belə gözləri misvaka dikilib qalıbmış. Həzrəti Aişə anamız mübarək dişlərini misvaklamış və ondan sonra Allahın dərgahına qovuşmuşdur.

misvak

Misvakdan istifadə etmənin fəzilətləri

Misvak istifadə edərək qılınan 2 rükət namaz misvaksız qılınan 70 rükət namazdan üstündür. Bəli, misvak həqiqətən mübarək bir nemətdir. Misvak ərəb ölkələrində bitən əraq ağacının kökləridir, təxminən karandaş uzunluğunda kəsilir, dişə sürtən zaman uc hissəsi adi fırça şəklini alır və dişin hər tərəfinə keçə bilir. Olduqca faydalıdır, nəinki ağız boşluğuna, boğaza, qida borusuna, mədəyə, dişətinə, hətta misvakdan daimi istifadənin gözlərə belə faydası var.

Həzrəti Əli (Allah ondan razı olsun) belə demişdir: “Misvakdan istifadə hafizəni gücləndirir, bəlğəmi aparır”. Misvakın tərkibində ağızı dezinfeksiya edən, dişləri parıldadan, diş ərpini əridən maddələr var, tərkibindəki zəngin flüor dişləri daha da sərtləşdirir, çürümənin qarşısını alır, diş ləkələrini təmizləyir. Tərkibindəki saponinlərin bəlğəmgətirici, iltihab əleyhinə təsirləri vardır, zəngin kalsium tərkibi isə sümük toxumasının strukturunu bərpa edir. Tərkibində beynimiz üçün ən çox lazım olan fosfor və əzələ sisteminin çalışması üçün əvəzolunmaz olan maqnezium külli miqdardadır. Maqneziumun orqanizmdə çatışmazlığı kalsiumun sorulmasında da problemlər əmələ gətirir. Tərkibində çox miqdarda olan kalium hüceyrələrin qidalanmasına, ürək əzələsinin, hafizəmizin düzgün çalışmasına yardımçıdır, duzun əlavə təsirini neytrallaşdırır. Hətta misvakda tapılmış kükürd dioksid bütün ağız boşluğu yaralarının sağalmasını təmin edən əvəzolunmaz bir nemətdir. Misvakın tərkibindəki uçucu efirlər ağız qoxusunu götürür və ağızdan xoş iyin gəlməsinə səbəb olur, ağız göbələklərini məhv edir. Misvakın tərkibindəki maddələr insanın ağız dadına təsir edən bütün bakteriyaları öldürür, dadbilməni yaxşılaşdırır, bundan başqa ağızın turşu-qələvi nisbətini normallaşdırır və beləcə başdan başa şəfa mənbəyi olaraq qalır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.