Qan xərçəngi (leykoz) zamanı təbii müalicələr

qan xərçəngi

Leykoz – çox ağır gedişli, üzücü bir xəstəlik olub, əsasən uşaq yaşlarında rast gəlinir. Görünüşü insanın ürəyini sızladan leykozlu uşaqlarda ağ qan hüceyrələri olan leykositlər çoxalır, qırmızı qan hüceyrələrini, yəni eritrositləri tanımır və onları yad hüceyrə zənn edərək məhv edir. Sonda xəstələrdə qırmızı qan tamamilə parçalanır. Leykoz xəstələrində başqa bir problem isə qanın laxtalanmasını təmin edən trombositlərin azalması və qanın laxtalanma qabiliyyətinin tamam itməsidir.

Toxunmaq istədiyim əsas məqam “Leykoz xəstəliyini bitkilərlə müalicə etmək olarmı və ya bu xəstələrə dərman bitkilərilə necə kömək oluna bilər?”, “Bitkilərlə müalicə edən zaman nələrə diqqət etməliyik?” suallarının cavabıdır.

Birincisi

bir qədər əvvəl yazdığım kimi, bu xəstəlik zamanı qırmızı qan kürəcikləri məhv olur, həmçinin qan laxtalanmır və bunun qarşısını almaq üçün ən təsirli vasitə təzə gicitkən şirəsidir. Təzə gicitkən şirəsinin tərkibindəki K vitamini qaraciyərdə protrombin adlı laxtalanma faktorunun əmələ gəlməsini sürətləndirir və laxtalanma artır. Həm də dəmir, minerallar və vitaminlərlə zəngin olduğundan qanyaranmanı da artırır.

İkincisi

İkincisi, qırmızı çuğundurdan istifadə etmək olar. Qırmızı qan kürəciklərinin əmələ gəlməsində bu tərəvəz əvəzsizdir. Həm gicitkənin, həm də çuğundurun birlikdə şirəsi çəkilib gündə 200 qram səhər acqarına içilə bilər. Belə müalicə 2 ay aparılır, 1 ay fasilə verildikdən sonra yenidən davam etdirilir. Bəzən uşaqlar dadına görə çuğundur şirəsini çox içə bilmirlər, belə halda hər 2-3 gündən bir təzə gicitkən şirəsini kök və ya balqabaq şirələri ilə qarışdırıb uşaqlara içirtmək olar.

Leykozlu xəstələr üçün faydalı qidalardan biri də arı məhsullarıdır, məsələn, 100 qram çiçək tozu, 30 qram arı südü, 30 qram propolis və 500 qram bal bir-birinə qarışdırılır, hər gün acqarına 1 xörək qaşığı 1 stəkan çiy suya qarışdırılaraq içilir.

Leykoz zamanı xərçəng əleyhinə təsir edən və blast hüceyrələrin artıb-çoxalmasının qarşısını alan, həmçinin immun sistemi gücləndirən və iltihab əleyhinə təsir göstərən güclü antioksidant bitkilərin qəbulunu tövsiyə edirəm. Müalicə, əsasən 3 bitki qarışımı ilə aparılır. Bunlardan iki bitki daimi komponent olur, üçüncü bitki isə hər 10 gündən bir dəyişdirilir. 300 qram udi hindi ilə 150 qram quşəppəyi toz formasına salınır, qarışdırılır və 3 litrlik şüşə balona tökülərək ağzı bağlanır. Hər 10 gündən bir bu qarışımdan 20 çay qaşığı götürülür 1 kiloqramlıq şüşə bankaya tökülür, aşağıda adlarını çəkdiyim bitkilərdən biri üyüdülür və 10 çay qaşığı miqdarında udi hindi ilə quşəppəyi tökülmüş 1 kiloqramlı şüşə bankada qarışdırılır. Bu qarışıqdan 1 çay qaşığı (uşaqlar yarım çay qaşığı) 1 stəkan qaynar suya əlavə olunur, 5 dəqiqə sonra 1 çay qaşığı bal qarışdırılıb gündə 3 dəfə yeməkdən əvvəl qəbul olunur. Qarışıma əlavə olunacaq bitkilərin adları: qara zirə, qızılçətir, boymadərən, yovşan, gülümbahar, zəncirotu, bibəriyyə və s.

Məslən: 10 gün udi hindi, quşəppəyi və qarazirə qarışımlı çay içilməli, sonrakı 10 gündə isə qara zirənin yerinə qızılçətir istifadə olunmalı, sonra boymadərən əlavə olunmalı və yuxarıda yazdığım siyahı üzrə müalicə davam etməlidir.

Sonda qeyd etmək istəyirəm ki, leykoz ciddi bir xəstəlik olduğundan müalicəni həkiminizlə məsləhətləşmədən aparmayın.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.