Qulunc olma və quluncun çarəsi

Qulunc olma və quluncun çarəsi

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir:

“Quluncdan qorunmaq üçün noxud yeyin, soyuq olmayan bal şərbəti için və kürəkdən həcəmət etdirin”.

El arasında qulunc adı ilə tanınan, əslində isə onurğanı düzləndirən əzələnin iltihabı olan miozit daha çox oturaq həyat keçirənlərdə, xüsusən də sürücülərdə, kompüter qarşısında çox oturanlarda, öd kisəsində daş olanlarda, döş fəqərələrində yırtıq, sürüşmə və ya osteoxondrozdan əziyyət çəkənlərdə, həmçinin daimi küləkli yerdə işləyənlərdə rast gəlinir. Əzələlərin iltihabı və sərtləşməsi güclü ağrı, kürəkarası sahədə şişkinliklə müşayiət olunur ki, ağrılı nahiyəni kobud şəkildə əzmək və birdən-birə kobud masaj etmək olmaz.

Bəs nə etməli? Məşhur islam həkimləri Əl-Razi və İbn Sina belə bir resept söyləmişlər: “Qulunc olan zaman zeytun yağına batırılmış bezin içinə isti duz doldurun və quluncun üstünə qoyun”. Həqiqətən mükəmməl reseptdir.

Qulunc üçün xalq təbabəti üsulları:

1 stəkan zeytun yağının içinə 1 xörək qaşığı udi hindi tozu qarışdırılır və kürək nahiyəsi yavaş-yavaş ovxalanır.

1 ədəd portağal və ya 2 ədəd limonun qabıqları qurudulur, toz halına salınır, qara zirə yağı ilə qarışdırılır, isidildikdən sonra bez parçası bu yağda isladılır və qulunc nahiyəsinə təpitmə qoyulur.

Qoz böyüklükdə acırğa (qıtıqotu, rusca хрен) kökünü, bir ədəd orta ölçülü kartofu və kartof böyüklükdə qoyun quyruğunu ətçəkən maşından keçirin, qarışdırıb yarım saat quluncun üstündə saxlayın. Bacardığınız qədər çox saxlaya bilsəniz daha faydalıdır.

Böyük bir kələm yarpağı qaynayan suyun içində 2 dəqiqə qaynadılır və isti vəziyyətdə quluncun üstünə təpitmə qoyulur, üzəri yun parça ilə örtülür.

Bəzən miozit soyuqdəymə nəticəsində baş verir. Bu zaman 4-5 stəkan su tutan çaynikdə 1 çay qaşığı kəklikotu, 1 çay qaşığı qara çay, 1 çay qaşığı məkkəgülü və 1 xörək qaşığı cökə çiçəyi qarışdırılaraq dəmlənir, zoğal mürəbbəsi ilə bir-iki dəfəyə yavaş-yavaş içilir. Güclü tərlədici təsir edir və qulunc nahiyəsində əzələ yumşalır. Bütün bunlar müvəqqəti təsir göstərir. Ən faydalı üsul kürəkdən 6 yerdən, beldən 4 yerdən hicama (həcəmət) etdirməkdir. 2 aydan sonra yenə həcəməti təkrar edə bilərsiniz.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.