Revmatizm və onun təbii üsulla müalicəsi

Revmatizm

Revmatizm xəstəliyi təəssüf ki, artan xəstəliklər sırasındadır. Sadə görünsə də təhlükəli bir xəstəlikdir, lakin təbii vasitələrlə mütəmadi müalicə onu sağalda bilər. Xəstəliyin 120-dən çox müxtəlif formaları var, bədənin bütün üzvlərini zədələyə bilir. Qan, əzələ, hüceyrə, sümük, qığırdaq və s. formaları var. Ən çox yayılmış qığırdaq və sümük formalarıdır. Revmatizmin bu qədər növünün olmasına baxmayaraq xalq təbabətində demək olar bunların hamısı üçün eyni müalicə üsulu var.

Xalq arasında belə bir deyim var: “Revmatizm oynaqları yalayır, ürəyi dişləyir”. Xəstəlik zamanı qanda mikrobların (streptokoklar) artması, bədəndə autoimmun proseslərin işə düşməsi ürək klapanlarının zədələnməsi ilə nəticələnir. Ürəyə qulaq asdıqda ürək döyüntülərindən sonra fışıltı səsi gəlir, bu, ürək klapanlarının tam bağlanmadığını və qanın bir hissəsinin ürəyə qayıtdığını göstərir. Mədəciklərə qayıdan qanın həcmi getdikcə çoxalır və sonda ürək çatışmazlığına səbəb olur.

Oynaqlarda üzücü ağrılar, halsızlıq, yorğunluq, axşamlar 37-38 dərəcəyə (bəzən temperatur olmaya bilər) çatan temperatur olduqda revmatizmə görə müayinə olunmaq lazımdır.

Revmatizmin müalicəsində ilk növbədə bədənin müqavimətini yüksəltmək və antimikrob təsir göstərən bitkilərdən istifadə etmək lazımdır. İmmunitet zəif olduqda bu xəstəlikdən xilas olmaq mümkün deyil.

İmmunitet artıran məcun:

  • Zəncəfil – 50 qr
  • Qara zirə – 50 qr
  • Biyan kökü – 20 qr
  • Eleuterokok və ya exinaseya otu – 50 qr
  • Bibəriyyə – 50 qr
  • Çiçək tozu – 50 qr
  • Propolis (vərəmum) – 50 qr
  • Bal – 1 kq
  • Tut bəkməzi – 0.5 kq

Bitkilər toz halına salınıb qarışdırılır, məcun hazırlanır. Məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yemək lazımdır.

İltihab əleyhinə təsir göstərən bitki qarışığı:

  • Gülümbahar çiçəyi – 50 qr
  • Ardıc meyvəsi – 50 qr
  • Udi-hindi – 50 qr
  • Gəndalaş çiçəyi – 50 qr
  • Gicitkən yarpağı – 50 qr
  • Qatırquyruğu otu – 50 qr
  • Tozağacı yarpağı – 50 qr
  • Boymadərən otu– 50 qr

Bitkilər qarışdırılır, qarışıqdan 3 orta xörək qaşığı 3 stəkan suda termosda dəmlənir. Gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 stəkan içilir. Tərkibi hazırlamaq çətinlik törətdikdə eyni tərkibdə Revmatizm əleyhinə yığıntıdan istifadə etmək olar.

Oynaq ağrıları üçün müalicə

Oynaq ağrıları güclü olduqda 2 kq dağ (Naxçıvan) duzu isidilərək pambıq parçaya bükülür, isti şəkildə diz və ya bel nahiyəsinə bağlanır. Və yaxud oynaqlara və bel nahiyəsinə gündə 2 dəfə qarazirə yağı çəkilir.

Bir məsləhət də verim, 20 kq Naftalan nefti qızdırılır, elə bir qaba tökülür ki, ayaqlar içinə salındıqda neft dizdən yuxarı çıxsın. Gündə bir dəfə yarım saat müddətində ayaqlar neftin içində saxlanır. Naftalan nefti uzun müddət keyfiyyətini saxladığından onu 1 il istifadə etmək olar.

Sonda, Bakıda, Hövsan yolunda yerləşən duzlu göldə 1 ay müddətində hər gün çimmək və gölün palçığından bütün bədənə sürtmək, sonra boz rəng alana qədər gözləmək lazımdır. Yaxşı nəticə verir. Bu da Bakı sakinlərinə Allahın bir hədiyyəsidir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.