Sağlam həyat tərzini necə qurmalı?

sağlam həyat tərzi

Dəyərli dostlar, “Sağlam həyat tərzini necə qurmalı?” mövzusunda yazımız davam edir.

Biz hər gün adi çaydan istifadə edirik. Çayın özü də dərman bitkisidir, amma xammal, yəni, təzə yığılmış yaşıl çay yarpaqları fermentlənir. Fermentlənmə çox sadə bir məsələdir. Yaşıl yarpaqlar ot tayası kimi üst-üstə yığılır, üzəri müşəmbə ilə örtülür, nəticədə yarpaqlarda müəyyən bir temperatur əmələ gətirir, sonda onların rəngi qaralır. Adi qara çayla yaşıl çay arasında çox böyük bir fərq vardır, yaşıl çay vitamin və mineral tərkibi cəhətdən adi qara çaydan üstündür. Lakin qara çayın tərkibində kofeinin miqdarı yaşıl çaydan 10 dəfə çoxdur, bu da o deməkdir ki, qara çayın zərərləri daha çoxdur.

Yaxşı olardı ki, qara çayı gündə 1-2 stəkandan artıq içməyəsiniz. Qara çay bədənin mühitini turşlaşdırır və bundan sonra orqanizm müalicəyə çətin tabe olan xəstəliklərə qapı açır.

Qara çay yediyimiz yeməklərin tərkibindəki vitaminlərin və mineralların sorulmasının qarşısını alır.

Çay içəndən sonra əhvali-ruhiyyənin yaxşılaşması tərkibindəki kofeinlə əlaqədardır. Kofein insanlarda alışqanlıq törədən maddə olduğundan çay və qəhvə kimi içkilərdən yaxa qurtarmaq bir az çətin olur.

Mənim fikrimcə, insan yalnız xəstələnəndə yox, həmişə sağlamlığının qeydinə qalmalıdır. Məsələn, yaxşı olar ki, gündəlik adi qara çay əvəzinə aşağıda saydığım çayları içəsiniz və hər həftə bu tərkibləri dəyişəsiniz.

Sağlam qalmaq üçün reseptlər:

  1. İki buğum (barmaq  falanqası qədər) zəncəfil, 15 ədəd hil, 2 ədəd mixək, 3 stəkan su, hamısını 3 stəkan su tutan termosa töküb dəmləyin,  bu dəmləməni içəndə 1 stəkan çayımıza   1  çay qaşığı bal qarışdırıb  gündəlik adi çay əvəzi içə bilərsiniz. Bu çay qan dövranını yaxşılaşdırır, bütün orqanların işini asanlaşdırır.
  2. 1 çay qaşığı məkkəgülü, 1 çay qaşığı ballınanə, 1 xörək  qaşığı cökə çiçəyi, 1 çay qaşığı kəklikotu, 3 stəkan  su – bu çayı da  3  stəkanlıq çaynikdə dəmləyib adi çay əvəzi içə bilərsiniz. Qandurulaşdırıcı və yuxu dərinləşdirici kimi yeməkdən sonra içilsə yaxşı olar. Xatırladım ki, bu çay təzyiqi azca salır.
  3. 1 çay qaşığı nanə, 1 çay qaşığı dazıotu, 1 çay qaşığı çobanyastığı, 1 çay qaşığı lavanda bitkilərini 3 stəkan suda dəmləyib  bu çayı əsəb sakitləşdirici kimi içə bilərsiniz.
  4. 1 çay qaşığı damotu, 1 çay qaşığı yemişan meyvəsi, 1 çay qaşığı pişikotu, 1 çay qaşığı ballınanə 3 stəkan su tutan termosda dəmlənib, ürək vurğularını gücləndirmək üçün, təzyiq yüksəkliyində, tez-tez ürəkdöyünmə və hava çatışmazlığı zamanı rahatlaşdırıcı bir çay kimi içilə bilər.
  5. 1 çay qaşığı öksəotu, 1 çay qaşığı sofora, 1 çay qaşığı cökə,1 çay qaşığı damotu, 3 stəkan su – bu qarışıq damarların içini təmizləyir.
  6. Zeytun yarpağı, məkkəgülü, öksəotu, sofora bitkilərinin hərəsindən 1 çay qaşığı, 3 stəkan su tutan çaynikdə dəmləyib, süzüb termosa tökün. Dəmləməni yüksək təzyiq zamanı içə bilərsiniz.
  7. 1 çay qaşığı alaqanqal, 1 çay qaşığı solmazçiçəyi, 1 çay qaşığı udi-hindi, 1 çay qaşığı zəncirotu, 3 stəkan su – bu tərkib qaraciyər, öd və öd yolları, mədəaltı vəz problemləri zamanı daha çox içilir.
  8. 2 çay qaşığı cökə, 1 çay qaşığı zəncəfil, 1 çay qaşığı kəklikotu, yarım çay qaşığı məkkəgülü, 3 stəkan suda dəmlənir, soyuqdəymələr zamanı tərlədici kimi zoğal mürəbbəsi ilə içilir. Bu çaydan soyuqdəymə zamanı gündə 10 stəkana qədər içə bilərsiniz.
  9.  Biyan kökü, andız, kəklikotu, dəvədabanı yarpağı və bağayarpağının hərəsindən 1 çay qaşığı, 3 stəkan suda dəmləyib bəlğəmgətirici kimi içə bilərsiniz.
  10. İtburnu, yemişan, biyan, gicitkən yarpağı, jenşenin hərəsindən 1 çay qaşığı, 4 stəkan suda dəmlənir və vitaminlə çox zəngin bir tərkib kimi içilir.

Bu tərkibləri xəstəlikləriniz olmasa belə içə bilərsiniz.

Biz, ümumiyyətlə, dünyaya nə qədər inteqrasiya etsək də, özünəməxsusluğumuz da vardır. Bu, hazırki akademik tibb sahəsində də vardır. Azərbaycanda hər 2-3 uşaqdan birinə beyindaxili təzyiq diaqnozu qoyulur.

Bu məsələni Almaniyada yaşayan bir dostumla müzakirə etdim, orada da uşaqlara belə diaqnoz qoyulub-qoyulmadığını soruşdum. Çox güldü və dedi: “Əgər Almaniyada beyindaxili təzyiqli uşaq doğulursa, onu xəstəxanadan evə buraxmırlar, çünki bu, çox ağır bir xəstəlikdir.”

Deməli, beyindaxili təzyiq diaqnozu həm analara, həm də həkimlərə “sərfəlidir”. Niyə? Çünki həkimin həmişə işi var, anaya da ona görə sərf edir ki, uşaq axşamdan nevroloji dərmanların təsiri altında olur, çox yatır və ağlamır. Baxın, beləcə bu uşaqların beyinlərini biz öz əllərimizlə inkişafdan saxlayırıq. Belə uşaqlara çox zaman sidikqovucu və yuxugətiricilər yazılır.

Sidikqovucuların təsirilə uşaqların bədənindəki kaliumu qovuruq, yəni, yenidoğulmuş uşağın ana bətnindən aldığı mineralı qovub bədəndən çıxarırıq və bu uşaqları əzələ xəstəlikləri ilə üz-üzə qoyuruq. Belə uşaqlarda qıcolmalar, iflic xəstəliyi, onurğa əyrilikləri daha çox olur.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.