Nənəmin reseptlərindən: Büzdüm əyilməsi (Qımıc əyilməsi) sınıq və çıxıqlar, bel ağrıları

büzdüm

Rəhmətlik nənəmin faydalı reseptlərindən biridə qımıc əylməsini düzəltmək idi. Yadımdadır uşaq vaxtı Nənəmgildə olanda kəndimizdə beli sərpən, qolu, ayağı qırılan çıxan olan kimi evlərinə getməzdən əvvəl nənəmgilə gələrdilər. Nənəm təmənnasız olaraq sınığı isti suda sığallayıb yumşaldıb yerinə salardı, qırıq olanda sümüyü düzəldib sonra yaxı qoyardı, yaşlı kişilərin ağır yük götürən kimi bel ağrılarını 10 dəqiqənin içində rahatlayıb yola salardı.

Bel sərpmələri

Bel sərpmələrində çox maraqlı müalicə metodu var idi, xəstəni üzü üstə uzadıb ayağını belinə qoyar sağ ayaqla sol qoldan tutub anidən yuxarı qaldırardı və sonra əksinə sol ayaqla sağ qoldan tutub qaldıranda beldən ayaqla bərk basardı, bu anda xəstə adamdan dəhşətli qışqırtı səsi gələrdi, amma duran kimi ağrılar heç olmamış kimi dua edib gedərdi. Əgər qol qırılandan sonra əyri bitişmişdirsə, onda quyruqla çilədağını ət maşınından keçirib bir-birinə yaxşı-yaxşı qarışdırıb sınığın üstünə qoyub bağlayardı, 2-3 gündən sonra yenə edərdi, sonra qol sümüyü çox elastik olardı, həmin əyri bitişən yerdən qolu qırıb düzəldib yaxı qoyardı, maraqlıdır ki, bu proseduru edəndə heç bir ağrıkəsici iynədən və ya mazdan istifadə etməzdi.

Qımıc əyilməsini də baxan kimi bilərdi.  Xalq təbabətində qımıc büzdüm sümüyünə deyilir. Qımıc həm sağa, sola, həm də içəri əyilə bilir. Sağa əyiləndə sağ ayaq ağrıyır, müalicə olunmadıqda ayaq əzələləri arıqlamağa başlayır və sonda şikəstliklə nəticələnir. Sola əyiləndə sol ayaqda belə hallar olur, içəri əyiləndə dəhşətli ağrılar əmələ gəlir. Nənəm çox maraqlı müalicə üsulu söylədi və yüzlərlə xəstəni bu üsulla müalicə etdiyini, hamısının da yaxşı olduğunu bildirdi. Əvvəlcə qımıc əyriliyi təyin olunur, sonra kartof böyüklükdə çilədağ bitkisi ətçəkən maşından keçirilib yarısı qədər çəkilmiş qoyun quyruğu ilə qarışdırılır. Büzdüm sümüyünün üstünə qoyulur, çilədağ ən azı 12 saat saxlanılmaqla 5-7 gün dalbadal qoyulur, (çilədağın qoyulmasında məqsəd büzdümü elastikləşdirməkdir ki, rahat əyilə bilsin) sonda üstdən büzdüm sümüyü əl ilə tutulub düzəldilir və 5-6 gün müddətində nəzarət olunur, bununla da ağrılar keçir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.