Cavan qalmağın 5 qızıl qaydası

cavan qalmaq

Mənə az qala hər gün, bir gündə neçə dəfə “cavan qalmaq üçün nə etməli, nə içməli” tipli suallar ünvanlayırlar. Cavan qalmaq sağlam həyat tərzi keçirmək deməkdir. Əgər insan sağlam həyat tərzi keçirərsə, qocalsa da formada olar, ağrıları olmaz və özünü qıvraq hiss edər. Bunun üçün nələr etmək lazımdır?

  • Hamı eşitmiş olar ki, keçmişdə hökmdarlar cavan qalmaq üçün özlərinə 15 yaşında gənclərin qanını vurdururdular. Əslində bu düzgün addım deyil, qocalmamaq üçün orqanizmə cavan insan qanı yox, cavan eritrosit və leykositlər lazımdır. Bunun üçün qocalmış hissəciklər bədəndən atılmalı, yerini cavan qan hissəcikləri tutmalıdır. Bu prosesi həyata keçirmək üçün ən yaxşı üsul hicamadır. Hicama zamanı dəri altında passiv qalan qocalmış qan hüceyrələri çıxarılır və yerinə yeni qan hissəcikləri gəlir. Hicamadan sonra insan özünü yenidən doğulmuş kimi hiss edir.
  • Yəqin ki, filankəs qanımı qaraltdı və ya qanım qaradır və s. ifadələr eşitmisiniz. Bu da boşuna deyilmiş söz deyil, qara qan həmişə qatı qandır. Qatı qan həqiqətən insanı tez qocaldır, çünki bu zaman orqanlar, toxumalar, xüsusən də beynimiz, yaxşı qidalana bilmir, ürək həmişə əziyyətlə işləyir. Qan dövranında pozulmalar olur, əllər, ayaqlar həmişə soyuq olur. Qanımızın həmişə yaxşı vəziyyətdə olması üçün və bütün orqanlarımızın yaxşı işləməsi üçün zəli qoydurmaq faydalıdır. Zəli insan dərisini cavanlaşdırır, təbii botoks rolunu oynayır. Hətta Avropada üz dərisini həmişə cavan və parlaq saxlamaq üçün zəlidən istifadə edirlər.
  • Xalq arasında qan qaralığı həm də əsəbi olmağa dəlalət edir, bu da başadüşüləndir. Əsəb qocalmanın ən başlıca səbəblərindəndir. İnsan əsəb keçirən zaman milyonlarla sinir hüceyrəsi məhv olur. Özünüzü əsəbdən qoruyun, bunun üçün lavanda, ballınanə, adi nanə, cökə, çobanyastığı, yarpız, pişikotu, qavzaban, mayasarmaşığı, zəncəfil çaylarından növbəli şəkildə için. Onu da deyim ki, hicama və zəlinin özü də əsəb sakitləşdirici təsir edir.
  • Bugün bütün dünya alimlərinin yekdil olaraq qəbul etdiyi qocalığın qarşısını alan vasitələrdən biri də bağırsaq mikroflorasını normada saxlamaqdır. Belə ki, üst-üstə yeyilən yeməklər bağırsaqlarda çürümə proseslərini artırır, bunun nəticəsində də insan tez qocalmağa başlayır. Bunun qarşısını almaq üçün qədim deyimə əməl etmək lazımdır: “doymadan süfrədən duracaqsan, acmamış yeməyəcksən”. Bağırsaqlarda çürümə əmələ gəlməsinin qarşısını almaq üçün ən təsirli vasitələrdən biri də yemək zamanı qatıqdan və ya kefirdən istifadə etməkdir. Hər yemək zamanı 1 stəkan qatıq və ya kefir için. Burada nəzərə alınması lazım olan əsas şərt qatığın və kefirin təbii olmasıdır, mütləq evdə hazırlanmasıdır. Marketlərdən alınan məhsullardan istifadə etmək olmaz, onlarda probiotik özəllik az olur.
  • Bugün bütün dünyanın qocalma əleyhinə mübarizədə istifadə etdiyi üsullardan biri də orqanizmin mühitinin qələviləşdirilməsidir. Belə ki, marketlərdə satılan ərzaqların hamısını bir yerə yığıb turşu-qələvi nisbətini yoxlasaq burda 70/30 nisbətində bir rəqəm alınacaq, yəni qidaların 70 faizi mühitin turşuluğa doğru dəyişməsinə təkan verirsə, yalnız 30 faizi qələvi istiqamətə yönlənməyinə səbəb olur. Deməli, zaman-zaman bizim bədənimizin mühiti turşlaşır, ona görə də çarəsi tapılmayan xəstəliklər əmələ gəlməyə başlayır və olduqca çətin müalicəyə tabe olurlar. Təsəvvür edin ki, insan oğlu 20-30 il belə qidalarla qidalanır, sonda ağır xəstəliklərə tutulur. Mühiti bərpa etmək özü də vaxt aparır, gərək ömür imkan versin ki, qələvili qidalar yeyilsin və balans bərpa olunsun. Ona görə də xəstə olmamışdan əvvəl meyvə-tərəvəz, əsasən də yerli bostan məhsulları, məsələn, kələm salatı, kök şirəsi, zeytun yağı, alma sirkəsi, göyərtilər, çiy su, rafinə olunmamış qidalar yeyilməli, açıq havada bol-bol gəzməyi vaxtında vərdişə çevirməli, mümkün qədər sənaye məhsullarından uzaq durulmalıdır. Adi qara çay və qəhvə çox az istifadə olunmalıdır. Kimyəvi dərmanlar istifadədən çıxarılmalı, əvəzinə təbii vasitələr qəbul edilməlidir. Hər gün ən azından 2 saat açıq havada yeyin-yeyin gəzmək lazımdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.