Raxit xəstəliyi – bitkilərlə çarələr

raxit xəstəliyi

Son vaxtlar daha çox şəhərdə yaşamağa meyl etmək, açıq günəş altında az olmaq, mənzillərə bol günəş şüası düşməməsi, keysəriyyə əməliyyatının çoxalması, süni qidalardan daha çox istifadə olunması, hətta hamilə ananın günəş altında açıq havada az olması və kalsiumdan kasad qidalarla qidalanması raxit xəstəliyinin daha da çoxalmasına səbəb olub.

Gündə 2 saat günəşli havada olanda raxitə tutulma ehtimalı olmur, çünki günəş şüası orqanizmdə D vitamininin sintezini artırır. D vitamini azlığı nəticəsində bağırsaqda kalsiumun sorulması çətinləşir. Əvvəlcə kalsiumun qanda miqdarı azalır, D vitamini hormonal təsir göstərdiyindən onun azlığı nəticəsində qalxanabənzərətraf vəz hormon balansını tənzimləmək üçün daha çox çalışmağa başlayır. Nəticədə sümükdə olan kalsium qana daxil olur, sidikdə kalsiumun miqdarı artır və böyrəklərə çökməyə başlayır.

Böyrəklərin fəaliyyəti pozulur, sümükdən kalsiumun yuyulması sümüklərin yavaş-yavaş əyilməsinə səbəb olur. Dişlərdə əyrilik və çürümə, ayaqlarda və qabırğalarda əyilmələr, başın formasının dəyişməsi kimi əlamətlər yaranmağa başlayır. Orqanizmdə kalsium-fosfor mübadi-ləsinin pozulması turşuluğun artması ilə nəticələnir.

Raxit ciddi xəstəlikdir. Xəstəlik əlamətləri artmamış müalicə olunmalıdır. Raxit xəstəliyinin əlamətləri yayda azalır, qışda isə çoxalır.

Analar hamilə olarkən hər gün açıq havada gəzməli, okean balıqları ilə çox qidalanmalı, çoxlu meyvə-tərəvəz yeməli, kalsiumla zəngin süd məhsulları – qatıq, kefir, kəsmik və pendir qəbul etməlidir. Həmçinin rasionda bal və alma sirkəsi, yumurta və ət çoxluq təşkil etməlidir.

Uşaqlar üçün balıq yağı çox faydalıdır, onu yaşdan asılı olaraq qəbul etmək olar. Məsələn, körpələrə gündə 0,5-1 çay qaşığı vermək olar. Əsas məsələlərdən biri də uşaqlara ana südünün verilməsidir.

Kənd yumurtasının sarısında bol kalsium var. Müxtəlif tərkibli təbii meyvə şirələrində də kalsium bol olur, əsasən balqabaq və kök şirələrindən istifadə etmək lazımdır. Arada uşaqların yeməklərinə üyüdülmüş yumurta qabığı qarışdırmaq məsləhətdir.

Uşaqlara təbii qidalar verilməsi onlarda D hipovitaminozunun qarşısını alır, çünki bağırsaqlar orqanizmə lazım olan qədər D vitamini alır. D vitamininin çox verilməsi də çox ağır fəsadlarla nəticələnir. Həmin uşaqlarda sümükləşmə normadan çox getdiyindən beyinləri inkişafdan qalır, böyrəklərdə kalsium çökməsi baş verir, qəbizlik yaranır, təzyiq yüksəlir və həmin uşaqlarda “pəri üzü sindromu” deyilən xəstəlik başlayır.

Kalsium və D vitamini çatışmazlığı yalnız uşaqlarda deyil, böyüklərdə də baş verir. Ona görə də kalsiumla zəngin qidalar qəbul etmək məsləhətdir. Müntəzəm hərəkət etmək kalsiumun sorulmasını asanlaşdırır.

Səhərlər acqarına ərəb xurmasının yeyilməsi kalsium ehtiyacını ödəyir. Əncir və ərik qurusunda da bol kalsium var.

Alma sirkəsi və bal qarışığından şərbət içilməsi, kefir və qatıqdan istifadə edilməsi faydalıdır. Tərəvəz salatları da kalsiuma olan ehtiyacı müəyyən qədər ödəyə bilir. Məsələn, kələm, kök və çuğundur sürtkəcdən keçirilərək bir-birinə qarışdırılır, üstünə sızma zeytun yağı və alma sirkəsi əlavə edilərək hər gün yeməkdən əvvəl yeyilir.

Yaşı 50 ətrafında olanlar həmin məsləhətlərə ciddi riayət etməlidirlər.

Kalsium çatışmazlığı əleyhinə məcun belə hazırlanır:

  • Keçibuynuzu meyvəsi – 100 qram.
  • Kənd yumurtası qabığının tozu- 50 qram
  • Xurma poleni (erkəkcikləri) – 50 qram
  • Güləm (olmasa çiçək tozu) – 50 qram
  • Qaratikan və ya şabalıd balı – 1 kq
  • Tut bəkməzi və ya keçibuynuzu bəkməzi – 0,5 kq

Deməli bitkilər hamısı qəhvəüyüdəndə üyüdülməli, bal və bəkməzlə birlikdə yaxşı-yaxşı qarışdırılmalıdır.

Böyüklərin yeməkdən əvvəl gündə 3 dəfə 1 dolu çay qaşığı, uşaqların gündə 3 dəfə yarım çay qaşığı qəbul etməsi məsləhətdir. Yeyə bilməyənlər suya qarışdırıb içə bilərlər.

Raxitin və osteoporozun müalicə və profilaktikasında dəniz kələmi bitkisindən istifadə edilməsi də faydalıdır. Dəniz kələmi xırdalanmış şəkildə olur, bir qədər duzludur, onu salatların üstünə əlavə edib yemək və ya su ilə qarışdırıb içmək olar.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.