Təbii üsullarla sağlamlığa doğru – bitkilərlə müalicə

bitkilərlə müalicə

Bizdə əhalinin və həkimlərin dırnaqarası bir xəstəlik kimi yanaşdığı və dünyada çox az rast gəlinən bir patologiya var. Bu, əhali arasında “timus xəstəliyi” kimi tanınan timomeqaliyadır.

Timus xəstəliyi nədir?

Uşaq anadan olandan bir müddət sonra nəfəs alıb-verən zaman xırıltı olarsa, bu, o deməkdir ki, onun timus vəzisi hələ də böyük qalıb, normada isə belə olmamalıdır. Belə uşaqlara uzun müddətə “Qliseram” həbləri yazılır ki, bunlar biyan köklərinin ekstraktından alınır. Təbii bir preparat demək olar, amma bu işin də bir əmması var. Belə ki, saponinlərlə zəngin olan bu preparatı uzun müddət qəbul etmək olmaz, çünki saponinlər hormonal preparatlara bənzər təsir etdiyindən belə xəstələrdə hormonal pozulmalar daha tez əmələ gəlir.

Bitkilərlə müalicənin faydaları

Əziz oxucu, bitkilərlə müalicənin faydaları barəsində daha ətraflı yazmaq istəyirəm. Hər bir bitkinin tərkibi adından, formasından asılı olmayaraq ən çoxu  21 kimyəvi elementdən ibarətdir. Bu elementlərin müxtəlif kombinasiyasından təşkil olunmuş bioloji aktiv maddələr də 2 qrupa bölünür: üzvi və qeyri-üzvi.

Bədənimizə lazım olan bütün mineral maddələr bitkilərin tərkibində vardır. Bu minerallar zülal sintezində iştirak edir, əzələlərdə, sümüklərdə, beyində, bütün toxumalarda, hətta dırnaqlarda, saçda, dərimizdə – bütün orqanizmdə gedən maddələr mübadiləsində iştirak edir. Xəstələndiyimiz zaman dərman bitkisindən istifadə ediriksə, sağalandan sonra bütün bu minerallar bizə əlavə olaraq bonus kimi verilir.

Bugün elm inkişaf edir, bitkilərin tərkibindəki müxtəlif mineral və üzvi maddələr çıxarılır və xəstəliklərin müalicəsində istifadə olunur. Məsələn, yerkökünün tərkibindəki A vitaminini biz uzun zaman xəstəyə versək, həmin insanda beyin və qaraciyər xərçəngi əmələ gələ bilər, amma xəstə hər gün nə qədər istəsə kök yesə, beyin xərçəngi əmələ gəlməz və əksinə, beyin xərçənginə tutulma riskini azaltmış olar. Bəs bu nəyə görə belədir? Deməli, Allah nəyi necə yaratmışdırsa, elə də qəbul olunsa daha yaxşıdır. Çünki kökün tərkibindəki A vitamini bir zəncirin içindədir, bizim orqanizmimiz həmin zənciri kompleks olaraq mənimsəyir. Bu zaman nəinki A vitaminini, həm də kökdəki bütün mineralları orqanizm özünə lazım olduğu qədər mənimsəyir, amma zəncirdən qırılmış hansısa mineralı orqanizm istəsə də, istəməsə də mütləq sorur, yəni orqanizm istəsə də, istəməsə də hüceyrələrimizin içərisinə daxil olur və bu, öz fəsadlarını verir.

Əziz oxucu, bu gün bizim respublikamıza dünyanın bütün dövlətlərindən dərmanlar və ya qida əlavələri idxal olunur. Bitkilərin tərkibindəki minerallar və ya vitaminlər təbii preparat kimi biz insanlara təqdim olunur. Belə məhsulları almaqdan çəkinin, həmin mineral və vitaminlərlə zəngin olan meyvə və ya dərman bitkilərindən istifadə edin. Sənayeləşmə sizi aldatmasın, sağlamlığınızın qədrini bilin.

Daha sadə bir misal çəkim, bugün çox müasir şirəçəkənlər satılır və hamı da ondan istifadə edir. Lakin şirəçəkənin köməyi ilə alınmış şirənin tərkibi meyvənin özündən fərqlənir. Məsələn, nar meyvəsi qanı duruldur, şirəsi isə əksinə və ya alma meyvəsinin şirəsi çəkiləndə tərkibindəki sellüloza və pektinlər tullantı kimi atılır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.