Albalının (vişnə) faydaları

albalı

Mən axır vaxtlar albalının azaldığını görürəm və yavaş-yavaş bu gözəl nemət dükan, bazarlarımızda azalır. Xatırladım ki, albalı çox faydalı bir giləmeyvədir həm təzəsi, həm də qurusundan istifadə etmək lazımdır, lakin təzəsinin daha çox xeyiri var. Dadlı kompotu və mürəbbəsi olur, mürəbbəsi soyuqdəymə zamanı yaxşı bir tərlədicidir. Vişnənin tərkibində revmatizmaya və bədəndə gedən bütün iltihabi xəstəliklərə təsir edən maddələr var. Əgər qanda böyrək çatışmazlığından sidik cövhəri və kreatin yüksəlibsə, albalı yemək əla bir vasitədir. Vişnə yeni qan əmələ gətirir, bağırsaqları həm təmizləyir, həm də yumşaldır, bağırsaq mikroflorası üçün çox faydalı olduğundan cavanlaşdırıcı bir giləmeyvə kimi tanınır. Tərkibində zəngin dəmir vardır, bununla da hemoqlobin azlığında faydalıdır.

Bu məqsədlə təzə vişnənin şirəsini çəkib, hər stəkana 1 çay qaşığı bal qarışdırıb içə bilərsiniz. Bədəndə endorfin səviyyəsini çoxaldır, bununla da həm təbii ağrıkəsici rolunu oynayır, həm də yeyəndən sonra insanın yaşamaq həvəsini artırır (xoşbəxtlik hormonlarını çoxaldır). Vişnədən şəkər xəstəliyindən əziyyət çəkənlər də bol-bol istifadə edə bilərlər. Tərkibindəki çox miqdarda olan A və C vitamini dəri xəstəliklərində, diş dibi qanamalarında, göz zəifliyində, dəri kəpəklənməsində faydalıdır. Yüksək xolesterin və damardaxili tromblaşmada çox faydalıdır, infarkt keçirmiş insanlar və aterosklerozlu insanlar üçün çox xeyirlidir. Vişnədən kök insanların da istifadə etməsi məsləhətlidir, belə ki, həm toksinin artmasında, həm də arıqladıcı kimi faydalıdır. Zəngin mineral və vitamin tərkibinə görə immuniteti artırır, babasil xəstəliyində faydalıdır, belə ki, bağırsaqları yumuşaldır və iltihabı qaldırır. Vişnənin yuxusuzluqdan əziyyət çəkənlər də istifadə edə bilər. Vişnə böyüməkdə olan uşaqlar üçün olduqca faydalı bir qidadır. Xatırladım ki, vişnə beynin qanla təchizatını artırır, beyin qan dövranını yaxşılaşdırır, skleroz və alzheimer  xəstələrinin həm müalicəsində, həm də profilaktikasında istifadə olunur, yaddaşı və diqqəti gücləndirir. Tez-tez ürəkdöyünmələrdən əziyyət çəkənlər üçün də faydalıdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.