Göz zəifliyi və çarələri

Göz zəifliyi

Əvvəlcə görmənin fiziologiyası və göz xəstəliklərinin araşdırılması tarixinə baxaq. Görmə haqqında ilk dəfə Qalen və Okulid nəzəriyyə irəli sürərək gözlərdən şüaların xaric olması və bunun hesabına görmənin baş verməsini ehtimal etmişdilər. Bu fərziyələri müsəlman alimi Əl-Razi təkzib etdi və gözün normal görmə mexanizmini göstərdi. Buna baxmayaraq, göz həkiminin qapısına Razinin adı deyil, Okulidin adından götürülmüş okulist sözü yazılır. Göz üzərində ilk dəfə cərrahi əməliyyatı yenə də müsəlman alimi Əli ibn Abbas etmişdir. Amma göz həkimlərinin böyük əksəriyyəti bu alimi tanımır.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) göz xəstəlikləri haqqında belə demişdir: “Əgər gözünüzün işıqlı və kirpiklərinizin sıx olmasını istəyirsinizsə, axşam yatmazdan əvvəl ismid sürməsindən istifadə edin” və sonra belə buyurmuşdur: “Mən gecələr yatmazdan əvvəl 3 dəfə sağ, 2 dəfə də sol gözümə sürmə çəkirəm. Əgər gözləriniz ağrıyırsa, torpağın yağından əmələ gələn dombalan (göbələk növü) suyundan gözünüzə tökün. Əgər gözləriniz şişmiş və ya qızarmışsa, bu, hərarətin artması deməkdir, bunu soyuq su ilə söndürün. Əgər gözlərinizin işıqlı və yaddaşınızın yaxşı olmağını istəyirsinizsə, qulaq ardından və təpədən biraz aşağı başınızı həcəmət etdirin”. Böyük alim imam Cəfər Sadıq (Allah ondan razı olsun) demişdir: “Gözlərimiz ona görə badam formasındadır ki, göz suyu və dərmanlar axıb təmizlənə bilsin”.

Günəşə çıxan kimi eynəyin taxılması yanlışdır. Qaşlar və kirpiklər günəş şüalarını göz dibinə yönəldir, həmin şüalar gözlər üçün olduqca faydalıdır.

Gözün görmə ilə bağlı xəstəlikləri

Gözün görmə ilə bağlı 3 xəstəliyi var: uzağı görmənin pozulması, yaxını görmənin pozulması və hər ikisinin pozulması olan astiqmatizm.

Uzağı yaxşı görməmək, gözlərin qaşınması və yanması, həmçinin gecələr aydın havada görmənin zəifləməsi A vitamini, sink və selenin çatışmazlığını göstərir. Bunun qarşısını almaq üçün A vitamini mənbəyi olan okean balıqlarının yağını içmək, əlavə olaraq sink və selenlə zəngin olan qoz, fındıq, badam və dəniz məhsulları, xüsusən dəniz kələmi yemək önəmlidir. Sulanma olduqda gözlər qoz yarpağının dəmləməsi ilə yuyulur, qızartı və ya yanma olduqda isə gündə 5-6 dəfə gözlərə qızılgül ləçəklərinin dəmləməsi tökülür. Onu da qeyd edim ki, razyana, cirə, zirə, gülümbahar bitkiləri də A vitamininin provitamini olan beta-karotinlə zəngindir.Göz ətrafına, gicgaha, qulaq ardlarına, və boyuna hər 10 gündən bir 6 ədəd (cəmi 24 ədədə yaxın) zəli qoyulması kataraktanın müalicə və profilaktikası üçün əla bir vasitədir. Ümumiyyətlə, sarı və narıncı meyvələrin hamısının tərkibində beta-karotin çox olduğundan göz üçün xeyirlidir. Ən çox da yemiş, ərik, kök, mandarin, balqabaq. Kök və balqabaq şirələrini hər gün içmək olar.

Yaxındangörmənin pozulması zamanı balıq, cəfəri, şüyüd, göy soğan, kahı, kərəviz yemək faydalıdır. Torlu qişa damarlarının zədələnməsi olduqda bal əlavə edilmiş itburnu dəmləməsi içilir.

Göz ağrısının müalicəsi

Göz ağrısı zamanı hormonal tərkibli göz damcılarının nəzarətsiz şəkildə istifadə olunması ağır fəsadlara, ələlxüsus da müalicəyə çox çətin tabe olan qlaukoma xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilir. Kataraktanın (mirvari suyunun) erkən mərhələsində gözə gündə 4-5 dəfə təzə sumaq dəmləməsi tökülür. Ümumiyyətlə, görməni yaxşılaşdırmaq üçün qaragilənin yarpaq və zoğlarının dəmləməsi uzun müddət içilməlidir. Göz qurumasının və quru göz sindromunun qarşısını almaq üçün isə gözlərə bal şərbəti tökmək faydalıdır.

Şəkərli diabet və göz

Şəkərli diabetin zədələdiyi ilk hədəf orqanı gözlərdir. Qanda şəkər səviyyəsini normada saxlamaq və diabetin gözlərə vura biləcəyi zərərin qarşısını almaq üçün hər gün 5 km-dən çox piyada gəzmək və zəncəfil dəmləməsi içməklə yanaşı gündəlik qidada sarımsaqdan istifadə etmək vacibdir. Sarımsaq yeyə bilməyənlər sarımsaq, alma sirkəsi və bal qarışığından hazırlanan şərbət içə bilər. Yaz və payız aylarında 50 ədəd zəli qoydurmaq faydalıdır.

Haşiyə:

Bir dəfə 80-dən çox yaşı olan bir qadının eynəksiz oxuduğunu gördüm, bunun səbəbini soruşanda dedi ki, mən 5 tel Bakı zəfəranını axşamdan 1/3 stəkan isti suya salıram səhər, günorta və axşam isə bu sudan hər gözümə 2 damcı tökürəm. Axşam qalan suyu içirəm, zəfəranları da yeyirəm (Zəfəran gözləri işıqlandırmaq üçün əla bir vasitədir).

Sonda demək istərdim ki, gözləri qorumağın ən vacib şərti televizor və kompüter qarşısında az zaman sərf etmək, boş vaxtları açıq havada gəzməklə keçirməkdir.

Gözləriniz həmişə sevinc yaşları ilə dolsun, kədər yaşları ilə yox.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.