Psoriaz (pullu dəmrov) – bitkilərlə müalicəsi

Psoriaz

Psoriaz və ya pullu dəmrov müalicəsi olmayan bir xəstəlik olsa da xəstələr özlərini ümidsiz və çarəsiz hiss etməməlidir. Verəcəyim məsləhətlərə düzgün əməl etdikdə xəstəliyin əlamətləri zəifləyir, uzun müddət özünü göstərmir və yaxud çox yüngül formada olur.

Pullu dəmrov dirsək, diz, baş, bel, bəzən qarnın dərisində baş versə də psoriaz təkcə dəri patologiyası deyil, bütün bədənin xəstəliyidir. O səbəbdən də dəri müalicəsi ilə paralel daxili orqanların da müalicəsi aparılmalıdır. Psoriaz xəstələri ağ çörəkdən, konserv məhsullarından, alkoqol və siqaretdən tamamilə imtina etməli, qidasında ət yeməklərini azaltmalı, tərəvəzləri çiy şəkildə və ya salatlar formasında yeməyə üstünlük verməlidirlər. Əsəb gərginliyi və stress bu xəstəliyin kəskinləşməsinə səbəb olur. Əsəbləri sakitləşdirmək üçün uzun müddət dazıotu dəmləməsi içilməlidir. Xəstəliyin müalicəsi qaraciyərdən başlamalıdır.

Qaraciyər üçün məcun belə hazırlanır:

  • Alaqanqal – 50 qram
  • Çörəkotu – 30 qram
  • Udi hindi – 30 qram
  • Sarıkök – 50 qram
  • Zəncəfil – 30 qram
  • Dəmrovotu – 30 qram
  • Bal – 1.2 kq

İstifadə qaydası:

Məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyilməsi qaraciyərin fermentativ aktivliyini gücləndirir. Məcun acı və ya quru alındıqda əlavə olunan balın miqdarını 1.5 kq-a qədər artırmaq olar.

Psoriaz zamanı bağırsaqların mikroflorasının normal olmasının böyük əhəmiyyəti vardır. Bunun üçün ən ideal vasitə Qafqaz kefiridir. Gündə 2 dəfə, günorta və axşam, yemək zamanı 1 stəkan kefir içmək, hər ayın tamamında 10 gün fasilə vermək lazımdır. Kefir ev şəraitində, təzə sağılmış inək südündən hazırlandıqda onun probiotik tərkibi daha zəngin olur.

Psoriaz zamanı həftədə 2 dəfə oruc tutulmalıdır, çünki aclıq xəstəliyin aktivliyini azaldır. Çay, qəhvə, qazlı içkilər əvəzinə adi çiy sudan istifadə olunmalıdır. Psoriaz xəstəliyi olan adamlar yatanda başlarının altına hündür yastıq qoymalıdırlar, başı alçaq edib yatmaq xəstəliyi daha da artırır.

Psoriaz mazı

Psoriaz üçün hazırladığım, səpgiləri əhəmiyyətli dərəcədə azaldan maz var. Məlumat üçün mazın tərkibini yazıram: Naftalan nefti (təmizlənmiş), ardıc qətranı, lanolin, dəmrovotu, udi hindi, yatıqqanqal, gülümbahar və zeytun yarpağının sulu ekstraktları, təmizlənmiş solidol. 

Yaxşı olar ki, bu mazı vurmazdan 2 saat  əvvəl səpgilər üstünə təbii alma sirkəsi vurulsun, sonra bu maz istifadə olunsun.

Naftalan nefti Allahın bizə bəxş etdiyi bir nemətdir, psoriazlı xəstələrə naftalan vannaları qəbul etmək faydalıdır. Psoriaz xəstələrinə hər 3 aydan bir hicama etdirilir və hər 6 aydan bir zəli müalicəsi almaq çox faydalı olur.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.