Sağlam həyat tərzi nədir?! Necə əldə edilir?

sağlam həyat orqanik

Dəyərli dostlar, bu yazımda sağlam həyat tərzi haqqında məlumat verəcəm. Çünki çoxlarımızın qidalanmadan tutmuş müalicəyə, geyimə qədər problemlərimiz var.

İlk növbədə mən müalicədən başlamaq istəyirəm. Bizdə və ümumilikdə dünyada insanlar özlərini necə müalicə edirlər? Nəzərinizə çatdırım ki, dünyanın inkişaf etmiş ölkələrində aptek şəbəkələrində satılan məhsulların içində bitkilər və bitki tərkibli preparatlar sintetik dərmanlardan 3 dəfə artıqdır və bu nisbət getdikcə böyüməkdədir. Eyni zamanda nəzərə almaq lazımdır ki, elə bu sintetik dərmanları həmin dövlətlərin özləri istehsal edirlər və külli miqdarda pul qazanırlar, amma özləri istifadə etmir. Bizim kimi inkişaf etməkdə olan dünya ölkələri isə bunu bir yenilik və inkişaf sayaraq az qalır ki, dərmanları kilo ilə qəbul etsin.

Unutmayın, sintetik dərmanlar insan vücudunda sona qədər parçalanmır. Onlar bizim qaraciyərimizdə, dərialtı toxumamızda, ağciyərimizdə, dalağımızda və s. yerlərdə depolanıb qala bilir, qanın normal dövranına mane olur. Sintetik dərmanları orqanizmdən qaraciyər və böyrəklərimiz təmizləmək məcburiyyətində qalır və beləcə həmin orqanlar sıradan çıxır.

Bəzi insanlar başı ağrıyan kimi ağrıkəsici içməyə vərdiş edib. Ağrıkəsicilərin birinci təsir etdiyi orqan sümük iliyidir ki, sümük iliyində qırmızı qan hüceyrəsi olan eritrositlər əmələ gəlir. Və yaxud dünyada bir neçə ildir istifadədən çıxarılmış diklofenak tərkibli preparatlar bizdə az qala hər gün istifadə edilir.

Təcrübədən misal

Öz təcrübəmdən misal gətirim. Mədəsinin ağrımasından şikayətlənən xəstənin mədəsini müalicə etməyə başladım, amma effekt alınmadı. Sonra təsadüfən hər gün “Diklofenak” mazını işlətdiyini dedi və mən həmin mazın istifadəsini saxlamasını məsləhət gördüm. Nəticədə xəstənin mədəsi müalicəsiz sağalmağa başladı.

Bəs nəyə görə əsrlər boyu istifadə olunan dərman bitkilərini kimyəvi dərmanlar əvəz etməyə başladı? Bunun çox sadə bir cavabı var. Dərmanlar patentləşdirilir və patenti alınmış dərmanın arxasında böyük bir firma dayanır, reklamını edir, tanıdır, faydalı xüsusiyyətlərini həddən çox qabardır, sonunda satışından külli miqdarda qazanc əldə edir. Amma bitkilər elə deyil, məsələn, çobanyastığı bitkisinin faydalarını deyirəm və yazıram, amma kimsə bu bitkinin patentini ala bilməz, çünki hamıya məxsusdur.

Sintetik dərmanlar

Beləcə sintetik dərmanlar çoxalır, artıq belə müalicənin faydasından çox ziyanlarını görən avropalılar yenidən bitkilərə və bitki tərkibli preparatlara üz tutublar. Bitkilərin tərkibindəki üzvi maddələr sintetik preparatlardan fərqli olaraq təbiətinə görə insan orqanizminə daha yaxındır və sonadək mənimsənilir. Bitkilərdən istifadə edən zaman asılılıq, kumulyasiya (çökmə)  dərman xəstəliyi, orqanların zədələnməsi və s. kimi fəsadlar olmur.

Son zamanlar xarici dövlətlərə, əsasən İran və Türkiyəyə müalicə olunmaq üçün gedən insanların sayı artmaqdadır. Məsələn, İranda çox nadir hallarda təbii nəsə yazılır, kilolarla sintetik dərmanlar təyin olunur. Həmyerlilərimizə 3 aylıq müalicə yazılır, onlar isə 6 aylıq dərman alıb geri dönürlər, səbəbi isə İranda dərmanların ucuz olmasındadır. Yəni İran və ya Türkiyə Almaniya və İsveçrədən çoxmu inkişaf edib?!

Bu gün kapitalist ölkələrini onların istehsal etdiyi dərmanın hansısa bir xəstəliyi sağaltmasından daha çox qazana biləcəyi pullar maraqlandırır. Məsələn, bu yaxınlarda donuz və ebola qripləri qorxunc bir xəstəlik kimi ictimaiyyətə çatdırıldı. Bütün dünya ölkələrinə vaksinlər satıldı, vaksin istehsal edən zavodlar 4 növbəli iş qrafikində işlədilər, məqsəd isə sadəcə pul qazanmaq idi, vəssalam.

Bəli, bu gün çox az adam dərman bitkilərindən istifadə edir, bunun bir səbəbi bu işlə peşəkar həkimlərin yox, daha çox fırıldaqçıların məşğul olmasıdır, bu da insanların inamını azaldır. Həkimlərimiz isə sanki inada düşüblər. Məsələn, şəkər xəstəsi olan xəstəyə Diabeton yazırlar, sonra deyirlər ki, darçın çayı için, çünki darçın şəkərə xeyirdir. Burda problem nədədir? Həkim şəkərin səviyyəsini Diabeton ilə nizamlayır, yəni darçın çayı içilsə də olar, içilməsə də. Olmazmı darçının özü ilə və ya başqa bitkilərlə şəkəri nizamlamağa çalışaq? Şəkər üçün o qədər faydalı bitkilər var ki, onlardan istifadə etmək olmazmı? Yəqin ki, olar.

Antibiotiklər

Başqa bir misal, məsələn, bronxit olan xəstələrin bəzisi antibiotik vurdurur, bəzisi isə dərman bitkiləri içir, sonunda hər ikisi sağalır, amma baxaq görək hansı xəstə sağlamlığı faydalı üsullarla əldə etdi. Əlbəttə, bitki ilə sağalanlar. Antibiotiklə sağalan vətəndaşda isə zəifləmiş immunitet və antibiotiklər qarşı davamlı ştamlar qaldı.

Əhali arasında yanlış olaraq elə bir fikir formalaşıb ki, soyuqdəymə varsa mütləq iynə vurulmalıdır, vurulmasa xəstəlik canından çıxmayacaq. Çox təəssüf ki, bəzi həkimlərimiz də belə düşünür. Amma mən hesab edirəm ki, bütün bunlar yanlış fikirlərdir. 30-40 il antibiotik vurdurmuş xroniki bronxitdən və ya revmatizmdən əziyyət çəkən xəstələri bitki qarışımından ibarət məcunlarla müalicə etmişəm.

Unutmayın, bu gün hər hansı bir antibiotik xəstəni sağaldırsa, sabah kömək etməyəcək və daha güclü antibiotik vurdurmalı olacaq, birisi gün o da kömək etməyəcək. Bilirsinizmi niyə? Çünki bədəndə həmin antibiotikə qarşı davamlı mikrob ştamları əmələ gəlir və daha acınacaqlısı da odur ki, əmələ gəlmiş davamlılıq xəstənin nəslinə, yəni oğluna və qızına ötürülür. Bu, o deməkdir ki, zaman gələcək heç bir antibiotik insanlara təsir etməyəcək. Bunun qarşısını almaq üçün dərman firmaları daha böyük molekullu antibiotiklər istehsal edəcəklər, bu da sonunda bizim qaraciyərimizi, böyrəklərimizi zədələyib sıradan çıxaracaqdır.

Antibiotiklərin başqa bir fəsadı isə bağırsaqlarda xəstəlik törədən zərərli və sağlamlığımızın daimi keşikçisi olan faydalı bakteriyaların hər ikisini də öldürməsidir. Amma bədənin immunitetinin artması nəticəsində orqanizm özü xəstəlik törədən bakteriyaları zərərsizləşdirir, bizə lazımlı saprofit bakteriyalara isə toxunmur. Bax, əsl elm budur.

Bizi Allah yaradıb və biz də Allahın yaratdıqları ilə müalicə olunmalıyıq. Bəzi insanlar elə başa düşərlər ki, artıq elm lazım deyil, xeyr elə deyil, bitkiləri də öyrənməyə elm lazımdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.