Ağız, boğaz və bədən sağlamlığında misvak

misvak

İnsanların böyük bir qismi elə fikirləşir ki, diş fırçaları ortaya çıxdı deyə artıq misvaka ehtiyac yoxdur, amma yazdığım məqaləni oxusanız və diş fırçası ilə misvak arasındakı fərqi görsəniz fikriniz dəyişə bilər. Misvak nəinki dişləri təmizləyir, həm dişləri, həm ağız boşluğunu infeksiyadan, yaralardan, qoxudan qoruyur, boğaz üçün də faydalıdır. Belə ki, misvakdan istifadə nəticəsində angina müalicə olunur, illərlə davam edən faringit aradan qalxır, insanın səsi gözəlləşir və ağciyərləri təmizlənir.

Misvakdan istifadə

Misvak çubuğunun ucu kəsiləndən sonra dişlərə sürtülür və fırça kimi açılır, dişləri təmizləyir, bu zaman həm də misvakın xüsüsi bir dadı gəlməyə başlayır. Dişlərə sürtünmə nəticəsində liflərin arasında olan yastıqcıqlar ağız boşluğuna yayılır ki, əsas təsir edən maddələr də elə onlardır. Sürtünmə nəticəsində dad yaranmırsa və uc hissə yapıxırsa, onda həmin hissəni qopardıb yenidən sürtmək lazımdır. Misvak 2 saata yaxın təsir edir və həmin müddətdə ağız boşluğunu qoruyur. Yaxşı olar ki, hər 2-3 saatdan bir misvakdan istifadə edəsiniz.

Mən, əsasən xanımlarımıza misvakdan istifadəni məsləhət görürəm, bununla həm sünnə yayılar, həm də evdə xanım istifadə edərsə, uşaqlar da ona baxıb istifadə edəcək və bütün ailə misvakın faydasını görəcək.

Hamiləlik dönəmində xanımların dişlərində problemlər əmələ gəlir, ağız və boğaz yaraları daha tez-tez yaranır. Çünki hamiləlik vaxtı mədədə turşuluq artır, bunun nəticəsində ağızda turşu-qələvi balansı pozulur. Bu səbəbdən də misvak xanımlar üçün çox faydalıdır. Əgər hamilə xanımlar dişlərini hər 2-3 saatdan bir misvaklasalar, heç bir ağız və diş problemi ilə rastlaşmazlar. Misvak mənşəyindən asılı olmayaraq bütün ağız qoxularını aradan qaldırır. Əgər misvakdan istifadə edə bilmirsinizsə, barmağın yarısı qədər misvak çubuğunu yarım stəkan suda 10 dəqiqə dəmləyin və bu su ilə ağızı qarqara edin. Tez-tez qanayan dişəti xəstəliklərində, ağız yaralarında, boğazgəlmələrdə çox faydalıdır.

Nəzərinizə çatdırım ki, Amerikada səhiyyə nazirliyi tərəfindən misvakın zəhərli olduğu iddia edilmiş və onun istifadəsinə qadağa qoyulmuşdur, amma həşəratların öldürülməsi üçün istehsal olunan və bütün dünyanı zəhərləyən aspartam maddəsi həm içkilərə, həm də diş məcunlarına qatılaraq dünyaya satılır. Ağızda 80-ə yaxın bakteriya tapılmışdır ki, bunların 12-si diş çürümələrinə səbəb olur. Misvak bu bakteriyaların əksəriyyətini məhv edir. Xatırladım ki, Bakıda yetişən mübarək zeytun ağacının köklərindən də misvak kimi istifadə edilə bilər.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.