Qarpız qabığının faydaları

qarpız qabığı

Qarpız qabığında qarpız qədər faydalar vardır. Yadımdadır, uşaq vaxtı qarpız yeyəndə böyüklərimiz qarpızı dilimləyər, biz – uşaqlara dilimlə yeməyi məsləhət görərdilər. Səbəbini soruşduqda deyərdilər ki, qarpız qabığındakı ağ maddə dişləri ağardır və parlaq edir, qurdları tökür. Qarpız qabıqları həm də böyrəkləri və öd kisəsini kiçik ölçülü qumlardan təmizləmək üçün mükəmməl bir vasitədir. Belə ki qarpız qabığı suyu həm ödqovucu, həm də sidikqovucudur. Qarpız qabığını müalicə məqsədilə istifadə etmək üçün qalın qabıq qarpız götürüb üstündəki tam yaşıl hissəni soyub altındakı ağ maddəni qurudub bütün il boyu istifadə edə bilərsiniz.

Qurudulmuş qarpız qabıqlarından 2 xörək qaşığı götürüb 3 stəkan suda 10 dəq vam odda qaynadın, sonra süzüb gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 stəkan için, müalicə müddəti 1 aydır. Və yaxud qarpız yeyilən vaxtlarda da bu müalicədən faydalana bilərsiniz beləki, yenə də qalınqabıq qarpızların üst yaşıl hissəsini soyub altında qalan ağ maddəni sürtkəçdən keçirib yediyiniz salatlara qarışdırıb yeyə bilərsiniz. Qarpız qabığında sifət təravətləndirici maddələr də var, belə ki qarpız qabıqlarını blenderdən keçirib sifətə çəkib 20-30 dəq sifətdə saxladıqdan sonra yumaq lazımdır sifəti təravətləndirmək üçün faydalı bir üsuldur. Qarpız qabığındakı amin turşular həm kişilərdə, həm də qadınlarda cinsi istəyi gücləndirir. Qarpız qabığındakı zəngin liflər bağırsaq tənbəliyində, qəbizlikdə çox faydalıdır. Babasildən əziyyət çəkənlər qarpız qabığının dəmləməsindən faydalana bilər. Qarpız qabığındakı antioksidantlar (likopen) xərçəng xəstəliyinin müalicə və profilaktikası üçün faydalıdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.